Yunan-roma güləşindəki qalibiyyətimizlə bağlı - AVROPA ÇEMPİONLARININ TƏSSÜRATLARI

Yunan-roma güləşindəki qalibiyyətimizlə bağlı - AVROPA ÇEMPİONLARININ TƏSSÜRATLARI

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında tarixi uğura imza atan yunan-Roma güləşi üzrə millimiz bu gün Vətənə qayıdıb. Yığma komandanın üzvləri 2 qızıl, 1 gümüş və 5 bürünc medalla komanda hesabında Avropa çempionatının qalibi olub. Mövzu ilə əlaqədar olaraq SİA Avropa çempionlarımızın yarışla bağlı təəssüratlarını öyrənib.

Avropa çempionu Rafiq Hüseynov: “Üçünücü dəfə Avropa çempionu olduğum üçün sevincliyəm. Təbii ki, bu tarixi bir qələbədir. Məndən əvvəl yunan-roma güləşində 3-cü dəfə çempion olan bir şəxs yoxdur. Komanda olaraq da, Avropa çempionatının qalibiyik. Qaləbə münasibətilə bütün xalqımızı və komanda yoldaşlarımızı təbrik edirəm. Komandamızda 10 çəkidən 3-ü veteran olmasına baxmayaraq, digərləri gənc idmançılardır. Bu baxımdan da çox sevinirəm ki, güləş idmanımız əmin əllərdədir. Bu uğur bir daha onun sübutudur ki, dövlətin idmanla bağlı apardığı siyasət birbaşa olaraq bizim nəticələrimizə təsir edir”.

Avropa çempionu Eldəniz Əzizli: “Güləş komandamız hər zaman pərəstişkarlarımızı sevindirir. Bu dəfə yunan-roma güləşində tarixdə bir ilkə imza ataraq qitənin ən yaxşı komandası seçildik. Bundan əvvəldə sərbəst güləşçilərimiz və 23 yaşadək olan idmançılarımız da xeyli sayda uğurlar əldə ediblər. Bir ayda Güləş Federasiyası ard-arda 3 böyük qələbə qazanıb. Mən güləşi Azərbaycan idmanının flaqmanı hesab edirəm. Çünki bütün Olimpiya oyunlarına və beynəlxalq yarışlara baxdıqda ilin yekununda ən çox medal qazanan idmançılar arasında güləşçilərin sayı çoxdur. Möhtərəm cənab Prezident həqiqətən hər zaman bizə dəstək olaraq öz tövsiyyələrini verib. Ötən günlərdə də Prezident İlham Əliyev güləşçilərimizlə görüşdü. Bu bir növ bizim üçün stimul oldu. Bunun üçün biz də sevinirik ki, bizi sevən və dəstəkləyən dövlət başçımız var”.

Avropa çempionu Taleh Məmmədov: “Cənab Prezident İlham Əliyevin idmana göstərdiyi qayğı və diqqət göz qabağındadır. Prezidentimizə minnətdarlığımızı bildirirəm ki, bizə belə diqqət ayırır. Bizdə çalışırıq ki, dünya arenasında medallar qazanaraq ölkəmizi bütün dünyaya tanıdaq. Bizim Güləş Federasiyamızın rəhbərliyinə xüsusilə də Mikayıl Cabbarova təşəkkürüm bildirirəm. Yarışa çox ciddi və məsuliyyətli hazırlaşmışdıq. Məşqçilər bizə, biz də məşqçilərimizə güvənirdik. Komanda hesabında Azərbaycan komandası qalib oldu. Bu bizim idmanda qazandığımız qalibiyyətin göstəricisidir. Ermənilər üzərində hər zaman qələbə qazanmışıq. Erməni idmançısı ilə yarımfinal görüşüm olduğu üçün öz səbrimi sıxıb saxladım ki, başqa bir səhvə yol verməyim. Erməni üzərində qələbə qazanmağım məni ikiqat sevinirir. Çünki biz artıq torpaqlarımızı azad etmişik. Bütün şəhidlərimizin və vətən uğrunda savaşan hər bir əsgərimizin qarşısında baş əyirəm”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə