Güləşçilərimiz Avropa çempionatlarında 11 dəfə himnimizi səsləndiriblər - İDARƏ RƏİSİ AÇIQLADI

Güləşçilərimiz Avropa çempionatlarında 11 dəfə himnimizi səsləndiriblər - İDARƏ RƏİSİ AÇIQLADI

“Sevindirici və qürurverici haldır ki, güləşçilərimiz 2022-ci ildə komanda hesabında 3 dəfə Avropa çempionu oldular. Beləliklə, onlar Avropa çempionatında tarix yazdılar”. Bu sözləri SİA-ya açıqlamasında Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov deyib.

Onun sözlərinə görə, Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən güləş üzrə Avropa çempionatında Yunan - Roma yığmamız ümumi nəticədə 165 xal toplayaraq komanda hesabında birinci oldu: “Bundan öncə Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən sərbəst güləş üzrə Avropa çempionatında da komandamız Avropa çempionu olmuşdu. Yığmamızın 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb.

Həmçinin qeyd etmək istəyirəm ki, bu, sərbəst güləşçilərimizin son 1 ayda ikinci böyük uğurudur. Güləşçilərimiz cari ilin mart ayının 7-dən 13-dək Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında da komanda hesabında 1-ci yer tutaraq Avropa çempionu olmuşlar.

Düşünürəm ki, Cənab Prezidentimiz İlham Əliyevin U-23 güləş üzrə keçirilən Avropa çempionatının qaliblərini qəbul etməsi Milli komandalarımızın növbəti qələbələrinə təkan verməklə yanaşı gənc nəslimizin idmana marağının artırılmasına səbəb oldu.

Bu qələbələr münasibəti ilə bütün idman sevərləri, idmançılarımızı səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, bundan sonra da idmanımızın həm kütləviliyi artacaq, həm də idmançılarımız növbəti uğurlar və qələbələr qazanacaqlar”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə