Milli Olimpiya Komitəsinin 30 illiyinə İDMANÇILARIN BAXIŞI - SORĞU

Milli Olimpiya Komitəsinin 30 illiyinə İDMANÇILARIN BAXIŞI - SORĞU

2022-ci ildə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 30 ili tamam olur. Milli Olimpiya Komitəsi təsis olunduğu vaxtdan ölkədə idmanın dinamik inkişafı, Olimpiya ideallarının bərqərar olması və təşviqi üçün məqsədyönlü, ardıcıl fəaliyyət göstərmişdir. Ötən müddət ərzində Azərbaycanın idman infrastrukturunun yenilənərək ən müasir standartlara cavab verən səviyyəyə gətirilməsində, idmanın kütləviliyinin artırılmasında və sağlam həyat tərzinin təbliğində Milli Olimpiya Komitəsinin mühüm xidmətləri olmuşdur. İdmançılarımız Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil etmiş, yüksək nəticələr qazanmış və Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra Olimpiya Oyunlarında əldə olunan medalların sayını 53-ə çatdıraraq Azərbaycanın idman şöhrətini artırmışlar. Mövzu ilə əlaqədar olaraq SİA idmançılar arasında sorğu keçirib.

Kamandan ox atma üzrə idmançı Əli Nəbiyev: "Cənab Prezident her zaman ölkədə idmanın inkişafına xüsusi diqqət ayırmışdır. Mən bir Paraolimpiyaçı olaraq cənab Prezidentimizin bu addımını alqışlayıram. Biz idmançılar hər zaman İlham Əliyevin qayğısının şahidi olmuşuq və bu bizə motivasiya verir. Hər zaman yeni-yeni uğurlar əldə etmək üçün bizə güc verir. Mən Sumqayıt şəhərində Oxculuq idman klubu yaratmışam və bu işi gənclər xüsusilə də əlilliyi olan şəxslər arasında inkişaf etdirmək üçün əlimdən gələni edirəm. Lakin bəzi təchizatlar var ki, onları təkbaşına təşkil edə bilmirəm və bunun üçün yardıma ehtiyacım vardır”.

Kəpəz idman klubunun futbolçusu Tural Rzayev: “Bu il Milli Olimpiya Komitəsinin yaradılmasından 30 il ötür. Bununla bağlı cənab Prezident İlham Əliyev sərəncam imzalayıb. Düşünürəm ki, sərəncamın verilməsində əsas məqsəd idman strukturlarının inkişaf etdirilməsi və idmançılarımıza şəraitin yaradılmasıdır. Bu illər ərzində Milli Olimpiya Komitəsinin gördüyü işlər çox böyükdür. Çünki ölkədə demək olar ki, hər bir rayonda Olimpiya stadionları fəaliyyət göstərir və böyük idman yarışları keçirilir. Buna Avropa və İslam oyunlarını misal göstərmək olar. Bu tədbirlərin hər biri yüksək səviyyədə təşkil olunmuşdur. Müstəqillik əldə etdikdən sonra Olimpiyadalarda qazanılan medalların hər biri Azərbaycanın bütün dünyada tanınmasına səbəb olur”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə