Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. İdmançılarımızın istər kütləvi, istərdə fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirmişdir. Prezident İlham Əliyev bu məqama xüsusilə toxunaraq bildirmişdir ki, aparıcı beynəlxalq idman qurumları Azərbaycanı idman ölkəsi kimi tanıyırlar. Dövlətin yürütdüyü idman siyasəti nəticəsində idman uğurlarımızın qarşıdakı ildə də davam edəcəyinə inam böyükdür. Ümummilli lider Heydər Əliyevin xalqın təkidilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Məhz həmin dövrdən başlayaraq, Azərbaycanın idman ölkəsinə çevrilməsi, beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət aldı. Qısa zamanda həyata keçirilən tədbirlər nəticəsində idmançılarımızın uğurları artmağa başladı və Azərbaycan tədricən güclü idman ölkələrinin sırasına daxil olmağı bacardı. Xüsusilə qeyd etmək lazımdır ki, 1997-ci il cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra ölkəmizdə Olimpiya hərəkatı, bədən tərbiyəsi və idmanın inkişafı yeni mərhələyə qədəm qoydu.
Bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz bir çox sahələrdə regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərmişdir. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilmiş, maddi-texniki baza möhkəmləndirilmişdir. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynamışdır. Sağlam cəmiyyət hər bir dövlətin strateji məqsədidir. Əlbəttə ki, dövlət vətəndaşların idmanla məşğul olmaları üçün xüsusi siyasət həyata keçirir. Bu mənada hər bir azərbaycanlının idmana maraq göstərməsi və müntəzəm olaraq idmanla məşğul olması dövlətin diqqət mərkəzindədir. Təbii ki, dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsil formalaşdırılır. Sözsüz ki, bu formalaşdırılırmış nəsil də Vətənimizin sağlam gələcəyi deməkdir. Müasir gənclərin hərtərəfli formalaşmış, rəqabətə davamlı yetişdiriliməsi məhz dövlətin uğurlu gənclər siyasətinin davamıdır. Dünyanın ən mötəbər beynəlxalq idman tədbirlərinin təşkili ölkəmizə böyük nüfuz qazandırmışdır. İlk Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, “Formula-1” Bakı Qranpri yarışlarının, müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarının Azərbaycana həvalə edilməsi son illər bu sahədə görülən işlərə verilən ən yüksək qiymətdir. Təkcə ötən il ölkəmizdə 55 beynəlxalq turnir keçirilmişdir. Onların bir neçəsi regionlarda təşkil olunmuşdur.
Çoxsaylı tədqiqatlar göstərir ki, idman mühüm sosial fenomen kimi bütün cəmiyyətdə bütün səviyyələrə nüfuz edir. O, milli münasibətlərə təsir edir, iş həyatı, ictimai mövqe, moda, etik dəyərləri, insanların həyat tərzi formalaşdırır. Bu mənada hazırda istənilən cəmiyyətdə idman o qədər böyük əhəmiyyət kəsb edir ki, ona insan fəaliyyətinin əsas növlərindən biri kimi yanaşılır. İdman artıq yalnız sağlamlığı gücləndirmək və qorumaq üçün deyil, həm də alkoqolizm və narkomaniyanın qarşısınını alınması, xüsusən gənclər arasında davranışın digər antisosial təzahürlərinin aradaq qaldırılması üçün profilaktik tədbir kimi qəbul edilir. Bütün bunlar fonunda təsadüfi deyil ki, kütləvi idmanın inkişafı müasir Azərbaycan cəmiyyəti üçün son dərəcə vacib olan aktual məsələdir. Azərbaycan əhalisinin, xüsusən də gənclərin keyfiyyət xüsusiyyətlərinin yüksəldilməsi, intellektual, əxlaqlı, mənəvi inkişaf üçün şəraitin etibarlılığı faktorunun yaradılmasında da idman böyük əhəmiyyət kəsb edir. Bu baxımdan sağlam həyat tərzinin təbliği informasiya sahəsində dövlət siyasətinin istiqamətlərindən biri kimi prioritet vəzifələrdən birinə çevrilməlidir ki, onun həlli qarşıya qoyulan strateji məqsədlərə nail olmağı xeyli dərəcədə şərtləndirir.
İdman hər yaşda insanların sağlamlığı ilə bərabər, onların harmonik inkişafına da şərait yaradır, şagirdlərdə doğma məktəbin, tələbələrdə ali təhsil ocaqlarının, ümumilikdə isə Vətənin şərəfini müdafiə etmək kimi müsbət keyfiyyətlər tərbiyə edir. Buna görə də, idmanın kütləviliyi gənc nəslin mənəvi və fiziki inkişafı üçün vacibdir. Məlumdur ki, uşaq və yeniyetmələrin fiziki tərbiyəsi məsələləri müxtəlif sosial, psixoloji və digər amillərlə şərtlənir. Fiziki tərbiyə ilə bağlı iş müntəzəm və məqsədyönlü aparılarsa, o zaman onun keyfiyyət və səmərəsi xeyli yüksək olar. Bununla yanaşı, uşağın fiziki hərəkətləri yerinə yetirməsində valideynlər də maraqlı olmalıdırlar. Mütəxəssislər hesab edirlər ki, valideynlər övladlarına elə təsir göstərməlidirlər ki, onların idmana maraqları yüksək olsun, həvəsləri artsın. Bu zaman ailə şəraitində fiziki tərbiyənin inkişafına maneə də qalmayacaq. Eyni zamanda, bu sahədə hər hansı bir tapşırığı yerinə yetirərkən uşağın ustalığı təkmilləşir, yeni bacarıq, vərdişlər qazanır, güclənir. Təbii ki, hər bir cəmiyyətin sağlam və fiziki cəhətdən güclü gənclərə ehtiyacı var. Buna görə də, Prezident İlham Əliyev çıxışında gənclərin fiziki cəhətdən güclü olmalarının vacibliyinə toxunaraq əlavə etmişdir ki, idman vətənpərvərlik hisslərini böyük dərəcədə artırır. Bir sözlə, Azərbaycanda bədən tərbiyəsi və idman hərəkatının idarə olunması prosesi günün tələbləri səviyyəsində inkişaf etdirilir. Təkmilləşdirilən idman yönümlü qurumların sayı artırılır, bələdiyyələrin, yerli və regional qeyri-hökumət orqanlarının bu sahə üzrə fəaliyyətləri gücləndirilir. Bədən tərbiyəsi və idmanın inkişafı ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq müvəffəqiyyətlə həyata keçirilir. Bu siyasət daim öz bəhrəsini verir, idmançılarımız ən mötəbər yarışlarda uğurlu çıxışları ilə vətənin adını ucaldır, bayrağımızı yüksəklərə qaldırırlar. Şübhə yoxdur ki, dövlət rəhbərliyinin diqqət və qayğısı sayəsində idmançılarımız yeni-yeni möhtəşəm qələbələrə imza atacaqlar.
Tünzalə Qafarova
Xəzər rayonu, 241 saylı məktəbin müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB