Ölkəmiz dünyada idman ölkəsi kimi tanınır

Ölkəmiz dünyada idman ölkəsi kimi tanınır

Azərbaycan müstəqillik qazandıqdan sonra ötən əsrin 90-cı illərində ölkədə mövcud olan böhran bir çox sahələrin, o cümlədən idmanın inkişafına da mənfi təsir etmiş, idman dövlət qayğısından kənarda qalmışdı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə idman sahəsi də ölkənin inkişaf istiqamətlərindən birinə çevrildi. Aydın məsələdir ki, ölkənin hərtərəfli tərəqqisi üçün idman sahəsinin inkişafı olduqca önəmli faktorlardan biridir. Buna səbəb kimi bir çox amili qeyd etmək olar. Bunlardan biri idmanın kütləvi xarakter daşımasıdır ki, ölkənin beynəlxalq müstəvidə tanınması üçün kütləvilik böyük məna ifadə edir. Ümummilli lider Heydər Əliyevin fərmanına əsasən 1994-cü ildə Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı. Bu müstəqil respublikamızın idman tarixinin başlanğıcı idi.

Cənab Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafında və çiçəklənməsində xidmətləri misilsizdir. Cənab Prezident idmançılarla hər dəfə görüşündə gənclərimizin ölkəmizi beynəlxalq idman arenalarında ləyaqətlə təmsil edərək üçrəngli bayrağımızı zirvələrə qaldırdıqlarını vurğulayır. Bu gün müasir Azərbaycan idmanın kütləviliyini təmin edən, peşəkar təşkilatçılıq ənənələrinə sahib ölkədir. Artıq uzun illərdir ki, Azərbaycanda mötəbər idman yarışları keçirilir. Azərbaycanda Olimpiya Hərəkatı və idman uğurla, sürətlə inkişaf edir. Ölkəmiz dünyada idman ölkəsi kimi tanınır. Zaman keçdikcə dövlət bu siyasətin bəhrəsini görmüş, ölkəmizdə idmanın hərtərəfli inkişafına nail ola bilmişdir.Ölkəmizdə bu istiqamətdə fəaliyyət göstərən bütün qurumlar idmanın Azərbaycanda inkişaf etməsi, kütləviliyin geniş vüsət alması, eləcə də idmançılarımızın respublikamızı daha yaxşı təmsil etməsi məqsədlərini güdür.

Azərbaycanda qədim zamanlardan ənənəvi olaraq şərq idman növlərindən olan güləşin özünəməxsus yeri və rolu vardır. Dastanlarımızda igidlərin bayramlarda və xüsusi əlamətdar günlərdə meydana çıxaraq güləşdiyini və bu idman növünün nə qədər çox sevildiyinin şahidi oluruq. Şərq dünyasının tərkib hissəsi kimi Azərbaycanda güləş daha çox inkişaf edərək böyük şöhrət qazanmışdır.Təsadüfü deyildir ki, idmançılarımız bir sıra beynəlxalq yarışlarda həmişə idmanın bu növü üzrə birincilər sırasında olmuşlar. Artıq bu bir ənənə formasını almışdır. Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən qeyd etmişdir ki, ”Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar, 16 medal qazanıldı, onlardan 7-si qızıl medaldır. Bu, çox böyük nailiyyətdir”. Bu ölkəmizdə idmana göstərilən dövlət qayğısının bariz nəticəsidir.

Son illərdə dövlət investisiyası hesabına bir çox müasir Olimpiya idman qurğuları tikilib. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanın bölgələrində 50-dən çox müasir standartlarla ayaqlaşan Olimpiya İdman Kompleksi istifadəyə verilmişdir. Paytaxtımızda isə ən müasir idman infrastrukturu mövcuddur. Əvvəlki illərdə tikilən komplekslər əsaslı təmir olunub və eyni zamanda son illərdə bir neçə böyük stadion, idman qurğusu inşa edilib. Əlbəttə, təxminən 70 min tamaşaçı tutumuna malik olan Olimpiya Stadionunu xüsusi qeyd etmək lazımdır. Ondan əlavə Milli Gimnastika Arenası, Su İdman Sarayı və Bakı Atıcılıq Mərkəzinin tikintisi üçün dövlət büdcəsindən böyük vəsait ayrılmışdır. Bunlarla yanaşı, Bakıda idman şəhərciyi fəaliyyət göstərir. Ümumilikdə, son illər ərzində həm bölgələrdə, həm də Bakıda idmanın inkişafına xüsusi diqqət yetirilməsi öz bəhrəsini verməkdədir. Ölkəmiz sadəcə beynəlxalq idman yarışlarında uğurlu iştirakla deyil, həm də kütləvi turnirlərin keçirilməsi sahəsində əldə etdiyi təcrübə və yüksək təşkilatçılıq örnəyi ilə dünyanın aparıcı idman mərkəzlərindən birinə çevrilib. Təsadüfi deyil ki, ölkəmizdə hər il nüfuzlu beynəlxalq idman yarışları keçirilir. Azərbaycan müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarına ev sahibliyi edir.

Cənab İlham Əliyev 2022-ci ili “Şuşa ili” elan edib. Belə bir ildə böyük idmanın Qarabağa qayıdışı yolunda ilkin addımların atılacağına əminik. Bu istiqamətdə ilk addım isə Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşası olacaq. Bu il daha məsuliyyətli və idman yarışları ilə zəngin ildir. İnanırıq ki, bu il idmanın bütün istiqamətlərində uğur qazanacağıq. 2022-ci ildə biz birlikdə daha güclü olduğumuzu yarış meydanlarında da sübut edəcəyik.

Vüsal Fərəcov

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə