Medalı əlindən alınan idmançımız apellyasiya şikayəti verəcək

Medalı əlindən alınan idmançımız apellyasiya şikayəti verəcək

Qazaxıstan millisində çıxış edən azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov olimpiya medalının əlindən alınması və 8 il müddətinə diskvalifikasiya olunması ilə bağlı apellyasiya şikayəti verəcək. SİA-nın məlumatına görə, bu barədə 29 yaşlı idmançı şəxsi instaqram hesabında bildirib.

Rəhimov bir çox suallar cavabsız qaldığı üçün qərarla qətiyyən razı olmadığını vurğulayıb: "Bu məsələdə ən dəhşətlisi odur ki, onlar olimpiada vaxtı göndərilən nümunəmlə bağlı heç bir sual olmadan mənim və Qazaxıstanın əsas mükafatı hesab edilən Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qızıl medalını əlimdən almaq istəyirlər".

Qeyd edək ki, Beynəlxalq Dopinq Test-Agentliyi (ITA) 2021-ci ilin yanvarında Rəhimova qarşı antidopinq qaydalarının pozuntusu ilə bağlı ittiham irəli sürüb və idmançını yarışdan kənarlaşdırıb. Qərardan narazı qalan ağırlıqqaldıran CAS-a müraciət edib. O, araşdırma müddətində yarışlardan müvəqqəti uzaqlaşdırılmışdı.

Təcrübəli idmançı 2014-cü ildə Azərbaycan yığmasını tərk edərək, Qazaxıstan vətəndaşlığına keçib. O, növbəti il dünya çempionu, 2016-cı ildə isə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olub.

Nicat Rəhimov Azərbaycan millisində ikən 2013-cü ildə orqanizmində steroidlər tapıldığı üçün 2 il müddətinə diskvalifikasiyaya məruz qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə