“Abşeron”la “Azərreyl” III dövrəyə də qələbə ilə başladı

“Abşeron”la “Azərreyl” III dövrəyə də qələbə ilə başladı

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında III dövrə oyunlarına start verilib.

SİA xəbər verir ki, turun ilk görüşündə “Azərreyl” “Murov”la üz-üzə gəlib.

Qarşılaşma “Azərreyl”in üstünlüyü ilə başlayıb. Famil Ağayevin komandası ilk hissəni 25:19 hesabı ilə qalib gəlib. Matçın ikinci hissəsində də “Azərreyl” 25:21 hesabı ilə qalib gələrək set fərqini 2-yə çatdırıb. Vüqar Əliyevin yetirmələri üçüncü hissədə 25:16 hesabı ilə qalib gələrək, fərqi minimuma endirsə də, geridönüş edə bilməyib. Dördüncü set “Azərreyl” komandasının 25:21 hesablı qələbəsi ilə yekunlaşıb. Nəticədə “Azərreyl” rəqibini 3:1 ( 25:19, 25:21, 16:25, 25:21) hesabı ilə məğlub edib.

Günün ikinci matçında “Abşeron” UNEC-lə görüşüb. Bu matçın qalibi isə üç setdə müəyyən olunub. Çempionatda keçirdiyi bütün oyunlardan qalib ayrılan Eldar Yusubovun komandası bu gün də 3:0 (25:12, 25:16, 25:19) hesabı ilə UNEC komandasına qalib gəlib.

III dövrənin ilk turundan sonra “Abşeron” 21 xalla turnir cədvəlində liderliyi davam etdirir. 11 xala malik “Azərreyl” ikinci, 6 xalla “Murov” üçüncü yerdə qərarlaşıb. Sonuncu olan UNEC-in hesabında isə 4 xal var.

Bütün xəbərlər Facebook səhifəmizdə