Portuqaliya millisi Avropa çempionatında ikinci qələbəsini qazanıb

Yanvarın 23-də Niderlandda futzal üzrə Avropa çempionatının qrup mərhələsində ikinci tura start verilib.

SIA xəbər verir ki, A qrupu çərçivəsində iki oyun keçirilib.

Günün ilk matçında Serbiya və Ukrayna milli komandaları üz-üzə gəliblər. Ukrayna millisi rəqibini böyük hesabla məğlub edib - 6:1.

Digər oyunda isə son Avropa çempionu Portuqaliya millisi Niderland seçməsi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən matçda Portuqaliya futzalçıları 4:1 hesablı qələbə qazanıblar.

İlk turda Portuqaliya millisi Serbiyaya 4:2, Niderland yığması isə Ukraynaya 3:2 hesabı ilə qalib gəlib. Hər iki matç Amsterdamdakı "Ziggo Dome" Arenada keçirilib.

Qeyd edək ki, D qrupunda mübarizə aparan Azərbaycan millisi ilk oyununda Gürcüstan komandasına 2:3 hesabı ilə uduzub. Seçməmiz növbəti görüşünü yanvarın 26-da İspaniyaya qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə