Naxçıvanda şahmat üzrə Azərbaycan çempionatı keçiriləcək

Azərbaycan Şahmat Federasiyasının təsdiqlədiyi plana əsasən kişi şahmatçılardan ibarət ölkə çempionatının tarixi məlum olub.

SİA-nın məlumatına görə, Azərbaycan Şahmat Federasiyasından bildiriblər ki, kişi şahmatçıların yarışı fevralın 5-də Naxçıvanda start götürəcək.

İlin ilk şahmat yarışının Naxçıvan Şahmat Federasiyasının dəstəyi ilə keçirilməsində əsas məqsəd şahmatda daha böyük kütləviliyə nail olmaq, eyni zamanda, muxtar respublikada şahmata olan marağı artırmaqdır.

Azərbaycan çempionatı 40 şahmatçının iştirakı ilə baş tutacaq və iki mərhələdə keçiriləcək. Birinci mərhələ İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. İlkin mərhələnin nəticəsinə əsasən 1-4-cü yerləri tutan şahmatçılar ikinci mərhələdə pley-off sistemi üzrə yarımfinal və finalda çempionu müəyyən edəcəklər.

Azərbaycan Şahmat Federasiyası ölkə çempionatında rəqabəti yüksəltmək məqsədilə mükafat fondunu artırmaq barədə qərar qəbul edib. İlk dəfə olaraq Azərbaycan çempionatının ümumi mükafat fondu 22 min manat təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...