Azərbaycan Alpaqut Federasiyası 2021-ci ili Zəfər möhtəşəmliyi ilə yola salır! FOTOLAR
Nuranə Şıxəliyeva: “Vətən müharibəsindəki möhtəşəm Zəfər eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının öz vətəndaşlarına, xalqına, əsgərinə nə qədər bağlı olduğunu, həmçinin, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini əyani şəkildə sübuta yetirdi”
Dekabrın 29-da Bakıda, "Yunus Əmrə" İnstitutunun akt zalında Azərbaycan Alpaqut Federasiyasının 2021-ci ilin yekunları (illik hesabat) və qarşıda dayanan plan-perspektivlərlə bağlı tədbir keçirib.
SİA-ya daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan Federasiyanın birinci vitse-prezidenti Nuranə Şıxəliyeva torpaqlarımızın düşmən işğalından azad olunması və ərazi bütövlüyümüzün bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən müharibəsi şəhidlərimizin əziz ruhlarının bir dəqiqəlik sükutla yad edilməsini təklif edib.
Şəhidlərimizin əziz ruhları yad edildikdən sonra çıxış edən Nuranə Şıxəliyeva vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında xalqımız səfərbər oldu və işğalçı düşmənə qarşı Zəfər yürüşünə çıxdı. “Qəhrəman əsgər və zabitlərimiz öz şücaətləri ilə dünya qarşısında Qələbə salnaməsi yazdılar. Vətən müharibəsindəki möhtəşəm Zəfər eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının öz vətəndaşlarına, xalqına, əsgərinə nə qədər bağlı olduğunu, həmçinin, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini əyani şəkildə sübuta yetirdi. Döyüşlərin getdiyi 44 gün ərzində cənab İlham Əliyev hərb meydanında Müzəffər Sərkərdə, Fateh Komandan, diplomatik cəbhədə isə Böyük Strateq nümunəsini sərgilədi, o cümlədən, informasiya müharibəsində Azərbaycanın haqq səsini məharətlə bütün dünyaya yaydı, qətiyyəti və sınmaz iradəsi ilə bütün təzyiqlərə cəsarətlə sinə gərdi, Lider-Xalq birliyini təcəssüm etdirdi, bu fəaliyyətləri ilə bəşəriyyət qarşısında mübarizlik, müdriklik rəmzinə çevrildi”, deyə Federasiyanın birinci vitse-prezidenti vurğulayıb.
Nuranə Şıxəliyeva eyni zamanda qeyd etdi ki, bu qələbə əzəli və əbədidir və bütün bunların təməlində dayanan mühüm faktor xalqımızın həmrəyliyinin olmasıdır. Artıq mövcud zamanımız gənc nəslimizə transfer edir və gənclərimiz bizim gələcəyimiz olaraq bu uğur reallıqlarını yaşayır, yaşadırlar: “Alpaqut Federasiyası da daim dövlətçilik, mübarizlik əzmində öz fəaliyyətini vətənpərvərlik istiqamətində qurur, işlərinin əsas tərəfini gənclərin sağlam həyatlarının qurulmasına, o cümlədən, dövlətə töhfələrini verməsinə doğru yönəldir”.
Azərbaycan Alpaqut Federasiyasının birinci vitse-prezidenti çıxışının sonunda qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə hər kəsi təbrik edib, idman, iş və ailə həyatlarında uğurlar, nailiyyətlər arzulayıb.
Daha sonra ilin yekunları ilə bağlı çıxış edənlər – Azərbaycan Alpaqut Federasiyasının vitse-prezidenti Rafiq Qasımov, Həyat Fondunun icraçı direktoru, xeyriyyəçi Hacı Nuran Hüseynov, Alpaqut Turan döyüş sənətinin qurucusu Kutsan Vasif Namazov çıxış edərək il ərzində əldə edilən uğurlar barədə fikirlərini çatdırıb, qarşıda dayanan perspektivlər və eyni zamanda nəzərdə tutulan yarış və turnirlər barədə plan-perspektivlərini açıqlayıblar. Natiqlər bundan sonra da Federasiyanın inkişafı və tərəqqisi yönündə fəaliyyətlərini yüksək səviyyədə aparacaqlarını vurğulayaraq növbəti uğurların qazanılacağına əminliklərini ifadə ediblər. Xüsusilə qeyd olunub ki, aparılan işlərin hər biri bilavasitə Azərbaycanda aparılan uğurlu idman siyasətinin məntiqi nəticəsidir və bu siyasət Federasiyanı daha böyük zəmlə çalışmağa ruhlandırır.
İllik hesabat tədbirində yeni təyinatlar da olub. Belə ki, Hacı Nuran Hüseynov Azərbaycan Alpaqut Federasiyasının İdarə Heyətinin qərarı ilə Azərbaycan Alpaqut Federasiyasının İçtimai məsələlər üzrə vitse-prezidenti seçilib.
Eyni zamanda, yola saldığımız 2021-ci ilin ən yaxşı döyüşçüləri, hakimləri, məşqçiləri, bölgələr üzrə nümayəndəlikləri, Federasiyaya daim dəstək göstərən ən yaxşı sahibkarlar, ən yaxşı Gənclər və İdman idarələri, onların nümayəndələri və s. şəxslər mükafatlara, diplomlara və fəxri fərmanlara layiq görülüblər.
Azərbaycan Alpaqut Federasiyasına yaxından göstərdikləri dəstək və qayğıya görə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Laçın Rayon Gənclər və İdman İdarəsi və sahibkar Qurban Əhmədov Federasiya rəhbərliyi tərəfindən fəxri fərmanlarla təltif olunublar.
RÖVŞƏN
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB