Qarabağ qaziləri ilə iş və idman seleksiyası üzrə komissiyası fəaliyyətə başlayıb - FOTOLAR

Noyabrın 26-da Paralimpiya İdman Kompleksində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş qazilərin Paralimpiya hərəkatına cəlb edilməsi ilə bağlı ilk görüş keçirilib. Azərbaycan Milli Paralimpiya Komitəsindən (AMPK) SİA-ya bildiriblər ki, görüşdə AMPK-nin Qarabağ qaziləri ilə iş və idman seleksiyası üzrə komissiyanın əlaqələndiricisi, AMPK-nin vitse-prezidenti Yaşar Hacıyev, komissiyanın sədri, AMPK-nin fəxri vitse-prezidenti Afiq Süleymanov, idman şöbəsinin müdiri, komissiyanın üzvü Rauf Mürsəlov, Əlil Sahibkar Təşkilatı İctimai Birliyinin sədri, komissiyanın üzvü Mirzə Məmməd Vəliyev, Komitənin güllə atıcılığı idman növünün para-trap üzrə baş məşqçisi, komissiyanın üzvü Əfqan Əhmədov, Komitənin idman şöbəsinin aparıcı mütəxəssisi, komissiyanın üzvü Saday Abdullayev və 20-dən artıq Qarabağ qazisi iştirak ediblər.

AMPK-nin fəxri vitse-prezidenti, Qarabağ qaziləri ilə iş və idman seleksiyası üzrə komissiyanın sədri A.Süleymanov qazilərə Paralimpiya hərəkatı, yay və qış idman növləri haqqında məlumat verib. Bildirib ki, müharibədə əlil olan şəxslər AMPK-nın milli komandalarının tərkibində müxtəlif idman növləri ilə məşğul olaraq ölkəmizi beynəlxalq arenada uğurla təmsil edirlər. A.Süleymanov görüşdə iştirak edən qaziləri də Paralimpiya hərəkatına qoşulmağa, peşəkar idmanla məşğul olmağa dəvət edib.

Sonra komissiya üzvləri müxtəlif paralimpiya idman növləri haqqında ətraflı məlumat verərək, qazilərin fiziki məhdudiyyətləri nəzərə alınmaqla onlara uyğun olan idman növləri ilə məşğul olmağı tövsiyə ediblər.

Görüşün sonunda Qarabağ qaziləri Paralimpiya hərəkatına qoşularaq ölkəmizi beynəlxalq arenalarda idman vasitəsilə təmsil etməyə hazır olduqlarını vurğulayıblar.

AMPK-nın üzvlərinin Qarabağ qaziləri ilə görüşlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə