Tbilisidə “Zəfər kuboku” mini futbol turniri

Tbilisidə Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin ildönümünə həsr olunan “Zəfər kuboku” mini futbol turniri keçirilir.

SİA xəbər verir ki, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) təşkilatçılığı ilə keçirilən turnirdə 10 həvəskar komanda iştirak edir.

Oktaybrın 23-də turnirin rəsmi açılış mərasimi olub. Tədbirdə çıxış edən AZEBİ-nin idarə heyətinin sədri Nəriman Qurbanov Azərbaycanın Zəfər Gününün əhəmiyyətindən danışıb, bu turniri Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının daha bir nümunəsi adlandırıb.

Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov və Türkiyə səfirinin müavini Onur Sevim çıxış edərək turnirin təşkilini yüksək qiymətləndirib, iştirakçılara uğurlar arzulayıblar.

Turnirin ilk oyunu Azərbaycan və Türkiyənin Gürcüstandakı diplomatik nümayəndəliklərinin komandaları arasında keçirilib. Qarşılaşma 2:0 hesabı ilə türkiyəli diplomatların xeyrinə başa çatıb.

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan və Türkiyə şirkətlərinin komandalarının da iştirak edəcəyi yarışın qalibi noyabrın 8-də müəyyənləşəcək.

Yarışların qalibinə “Zəfər kuboku”, finala yüksələn hər iki komandaya medal və sertifikatlar təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə