“Qarabağ” – “Kayrat” matçına start verilib - UEFA Konfrans Liqası

Oktyabrın 21-də UEFA Konfrans Liqasının qrup mərhələsinin üçüncü turunda “Qarabağ” - “Kayrat” matçına start verilib. SİA xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda start götürən oyunu ukraynalı FIFA referisi Yevgeni Aranovski idarə edir.

Ağdam təmsilçisinin heyətində Şahruddin Məhəmmədəliyev, Tural Bayramov, Kevin Medina, Maksim Medvedev, Abbas Hüseynov, Patrik Andrade, Qara Qarayev, Abdullah Zubir, Filip Ozobiç, Kadi Borqes və İbrahim Vadji meydana çıxırlar.

“Kayrat” klubunun ilk onbirliyində isə Stas Pokatilov, Yan Voroqovski, Nurali Alip, Rade Duqaliç, Maki Baqnak, Dino Mikanoviç, Rikardo Alves, Denis Polyakov, Neboyşa Kosoviç, Joao Paulo və Jose Kante yer alıblar.

Ağdam təmsilçisinin heyətində üç futbolçu - Xayme Romero, Bədavi Hüseynov və Elvin Cəfərquliyev zədə üzündən görüşü buraxmalı olublar. Qonaq komandanın heyətində bombardir Artur Şuşenaçev və Kamo Ohanesyan meydana çıxmayıblar.
Qeyd edək ki, hazırda “Qarabağ” 4 xalla H qrupuna liderlik edir. Ağdam təmsilçisi ilə eyni xala malik “Bazel” ikinci, 1 xalı olan “Kayrat” və “Omoniya” isə 3-4-cü pillələrdə qərarlaşıblar. Bu qrupun digər oyununda Kiprin “Omoniya” klubu İsveçrədə “Bazel” komandasının qonağı olacaq.

Xatırladaq ki, “Qarabağ” klubu birinci turda “Bazel” ilə heç-heçə edib – 0:0. Qurban Qurbanovun yetirmələri ikinci turda Kiprdə “Omoniya” klubunu 4:1 hesabı ilə darmadağın ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə