Ağdamda “Hərb oyunları” başladı -VİDEO

Ağdamda “Hərb oyunları” başladı -VİDEO

“İrəli” İctimai Birliyi tərəfindən gənclərin maarifləndirilməsi və vətənpərvər ruhda formalaşdırılması istiqamətində daha bir tədbir Ağdam rayonunun Quzanlı qəsəbəsində “Gənclər Kuboku: Hərb Oyunları” layihəsi kimi həyata keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, gənclər əvvəlcə Ağdam rayon Şəhidlər Xiyabanını ziyarət edib. Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanılan tədbirdə Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gənclər və idman nazirinin müavini İntiqam Babayev “İrəli” İctimai Birliyinin hərbi vətənpərvərlik hissinin gənclərə aşılanması və gənclərin bu yöndə formalaşması istiqamətində həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı bildirib ki, layihə boyunca ekstremal şəraitdə 100-ə yaxın gənc peyntbol, stend atıcılığı, pentatlon, səmti müəyyən etmə və digər idman növləri üzrə birincilik uğrunda mübarizə aparacaq. “Gənclər Kuboku: Hərb Oyunları” layihəsi gənclərin fiziki-psixoloji dözümlülüyünü artırmaq, sağlam həyat tərzini formalaşdırmaq yönündə xüsusi önəm daşıyır. Xatırladaq ki, bu istiqamətdə təşkilat tərəfindən 27 iyul -3 avqust tarixlərində Göygöl rayonunda “Marş İrəli” layihəsinin üçüncü mövsümü uğurla həyata keçirilib. Silsilə layihənin ilk mövsümü Ağdam, ikinci mövsümü isə Goranboy rayonunda baş tutub. Həyata keçirilən layihənin üç mövsümündə ümumilikdə 500-ə yaxın gənc iştirak edib.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə