Olimpiya Oyunları ilə əlaqədar Tokio Mətbuat Mərkəzi qapılarını açdı - FOTOLAR

İyulun 21-də “Tokio-2020” Yay Olimpiya və Paralimpiya oyunlarının açılışına iki gün qalmış Yaponiya paytaxtında Tokio Mətbuat Mərkəzi qapılarını açıb. SİA xəbər verir ki, Yay Olimpiya Oyunlarının təşkilat komitəsinin Baş Mətbuat Mərkəzindən fərqli olaraq, Tokio Mətbuat Mərkəzi paytaxt administrasiyası tərəfindən yaradılıb.
Bildirilir ki, Tokio Mətbuat Mərkəzi Yaponiya paytaxtının mövqeyindən Yay Olimpiya Oyunları barədə jurnalistlər üçün əsas informasiya mənbəyi rolunu oynayacaq.

Koronavirus pandemiyası ilə əlaqədar Tokioda fövqəladə vəziyyət rejiminin davam etməsi nəzərə alınaraq mətbuat mərkəzinin təşkilatçıları burada onlayn informasiyanın əldə edilməsi üçün maksimum şərait yaratmağa çalışıblar. Mərkəzə akkreditə olunan jurnalistlər bütün məlumatları bu məqsədlə yaradılmış xüsusi saytdan əldə edə biləcəklər.
Mətbuat mərkəzində koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilən və Yaponiyanın bütün sakinləri üçün artıq adi vərdişə çevrilmiş qaydalar mövcuddur. Yəni mərkəzə gələn bütün jurnalistlərin temperaturu ölçülür, onlardan tibbi maska daşımaları və sosial məsafəni gözləmələri tələb edilir. Jurnalistlərə koronavirusa qarşı peyvəndi qəbul etməsi və ya etməməsi ilə əlaqədar heç bir məhdudiyyət qoyulmur.

Qeyd edək ki, Yay Olimpiya Oyunlarının başlamasına iki gün qalmış Yaponiya paytaxtında koronavirusa yoluxma ilə əlaqədar vəziyyət gərgin olaraq qalır. Gündəlik yoluxma sayı hələ də min nəfərdən çoxdur. Epidemioloji vəziyyət gərgin olduğuna görə hökumət iyulun 12-dən avqustun 22-dək Tokioda fövqəladə vəziyyət rejimi elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...