Rinqə şəhid Xudayarın "Dastana döndü"sü ilə çıxdı və... - İKİ ERMƏNİ RƏQİB DÖYÜŞDƏN İMTİNA ETDİ

İQİB
Rinqə şəhid Xudayarın "Dastana döndü"sü ilə çıxdı və... - İKİ ERMƏNİ RƏQİB DÖYÜŞDƏN İMTİNA ETDİ

Gənclər və İdman Baş İdarəsində idarə rəisi Raqif Abbasov Rusiyada keçirilən "Буря в июне" adlı beynəlxalq peşəkar boks turnirinin qalibi Fuad Tarverdi ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, Raqif Abbasov yarışda qazandırdığı uğura görə, Fuad Tarverdiyə təşəkkür edib və peşəkar boksda onun üçün yeni həyatın başladığını və bu istiqamətdə gələcəkdə peşəkər kariyerada Azərbaycan bayrağını yüksəklərə qaldırmaqda və boks həvəskarlarını yeni yeni qələbələrlə sevindirməkdə ona dəstək olacağını bildirib.

Raqif Abbasov Fuadın döyüşdə şəhidlərimizin xatirəsini əziz tutaraq "Xudayar Təsnifi" ilə döyüşü qalibiyyətlə başa vurması Azərbaycan idmansevərlərini çox sevindirdiyini xüsusi ilə vurğulayaraq ölkəmizə qazandırdığı uğura görə, onu təbrik və təşəkkür edib.

Bu günlərdə Moskva şəhərində "Vegas City Hall"da Rusiya Gənclər və İdman Nazirliyi, Rusiya Peşəkar Boks Federasiyası və "WTKF" tərəfindən "Буря в июне" adlı beynəlxalq peşəkar boks turniri keçirilib. Turnirdə vətənimizi Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovun, "Bizon Energy Drink"in, iş adamları Pənah İbrahimov və Rəvan Bəşirovun dəstəyi ilə peşəkar boksçumuz Fuad Tarverdi təmsil edib.

Azərbaycanın "Qızıl Əlcək" idman klubunun məşqçisi Rəhim Allahverdiyev və Rusiyanın "Mübariz" idman klubunun məşqçisi Ravid Axundovun yetirməsi olan boksçumuz Fuad Tarverdi ilk "profdebyut" döyüşünü keçirib.

İlk olaraq boksçumuzun rəqibi erməni boksçusu Armen Arutyunov olsa da, yarışdan bir-neçə gün öncə döyüşdən imtina edib. Daha sonra təyin olunan ikinci rəqib - Ermənistanı təmsil edən Qriqoriy Arutyunyan da Fuadla döyüşdən imtina edib. Nəticədə boksçumuz Fuad Tarverdinin rəqibi Kırğızıstanı təmsil edən Saymik Mamadaliyev olub. Boksçumuz rəqibini 3-cü raundda nokautla məğlub edərək beynəlxalq promouterlərin diqqətini cəlb edib.

Onu da qeyd edək ki, ilk peşəkar döyüşünə çıxan Fuad Tarverdi rinqə Şəhid Xudayar Yusifzadənin ifa etdiyi "Dastana döndü" kompozisiyası ilə daxil olub və sonda qələbəsini şəhid və qazilərimizə həsr edib.

Kəmalə Təyyarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə