"Milyardlarla insan futbola baxaraq zövq alır" - SABİQ BAŞ MƏŞQÇİ ŞƏRH ETDİ

"Futbol idmanın şahıdır. Futbol oyunu milyardların sevimlisidir. Demək olar ki, milyardlarla insan futbola baxaraq zövq alır. “Avro 2020”nin əhəmiyyəti ondan ibarətdir ki, Avropa ölkələrinin ən yaxşı yığmaları bu yarışda iştirak edir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan millisinin sabiq kapitanı, veteran futbolçu və "Keşlə" futbol komandasının sabiq baş məşqçisi Tərlan Əhmədov deyib.

Onun sözlərinə görə, dövlət başçısı cənab İlham Əliyevin həm daxili, həm də xarici siyasətinin uğurudur ki, bu gün Azərbaycan haqqında bütün dünyada xoş sözlər eşidilir: “2015-ci ildə ilk Avropa Oyunları, İslam Oyunları, Avroviziya və s. kimi beynəlxalq oyunların, yarışların Azərbaycanda keçirilməsi dünyada Azərbaycanın tanınmasıdır, tolerantlığıdır. 44 günlük mübarizə edərək biz əzəli torpaqlarımızı geri qaytarmışıq. Bu zəfərdən sonra UEFA "Avro-2020" oyunlarının Azərbaycanda keçirilməsi də böyük bir uğurdur. Bura gələn turistlər, öz yığma komandalarına fanatlıq edənlər Azərbaycanın mədəniyyəti, irsi, tarixi haqqında toplayacağı məlumatları öz ölkələrindəki insanlarla paylaşacaqlar".

Tərlan Əhmədov həmçinin qeyd edib ki, Azərbaycana gələn yığmaların və onlarla birlikdə gələn bütün şəxsi heyətlərin və turistlərin təhlükəsizliyi təmin olunur: “Onların normal hərəkətinə və qısa müddətdə normal qalıb yaşamaları üçün də hər şey təmin olunub. Onlar həm kommunikasiya, həm də iqtisadi tərəfdən hər tərəfli təmin olunublar. Düşünürəm ki, bütün bunlar hamısı bizim həm dünyada tolerant bir dövlət kimi tanınmağımız, həm də bütün insanlığa önəm verməyimizin əyani şəkildə sübutudur”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə