Atletikanın qaçış növü üzrə muxtar respublika açıq turniri başa çatıb - FOTO

Atletikanın qaçış növü üzrə muxtar respublika açıq turniri Şərur Olimpiya-İdman Kompleksində keçirilib. 15 İyun – Millli Qurtuluş Gününə həsr olunan turnirin proqramına əsasən, idmançılar (oğlan və qız atletlər) qaçış zolağında 100, 200, 400 və 800 metrlik məsafələr üzrə yarışıblar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-nın Naxçıvan bürosuna bildirilib ki, nəticələrə əsasən, oğlanlar arasında “Şərur-1” komandasının üzvləri Eldar Qurbanovla (100 metr) Ümid Muradov (200 metr), “Naxçıvan”dan Nihad Seyidov (400 metr) və “Kəngərli” təmsilçisi Nihad Seyidov (800 metr) müvafiq məsafələr üzrə birinci olublar.

Qızlar arasında “Şərur-1” komandasından Gülşah Nağıyeva (100 metr), “Sədərək” idmançıları Ulduz Əkbərova (200 metr), Zeynəb Babayeva (400 metr) və Aysu Abbasova (800 metr) birinci pillədə qərarlaşıblar.

Komanda hesabında “Şərur-1” birinci pilləyə layiq görülüb. “Sədərək” və “Kəngərli” müvafiq olaraq ikinci və üçüncü olublar.

Mükafatlandırma mərasimində Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov və Atletika Federasiyasının sədr müavini İntiqam Rəhimov turnirin keçirilmə məqsədi, atletika idman növünün perspektivləri barədə danışıblar. Çıxış edənlər qalibləri təbrik edib, bütün iştirakçılara uğurlar arzulayıblar.

Sonra ilk üçlükdə yer alan idmançılar diplom və medalla, komandalar isə kubokla mükafatlandırılıblar.
Gənclər və İdman Nazirliyi və Atletika Federasiyası tərəfindən birgə təşkil olunan turnirdə 4 komanda olmaqla, ümumilikdə, 40 idmançı iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə