Bakıda futbol həyəcanı yaşanılacaq

Azərbaycanın "AVRO-2020" oyunlarına ev sahibliyi etməsi dünyanın diqqətini yenidən paytaxtımıza yönəldir

Azərbaycanın inkişafın bütün istiqamətləri üzrə modelini ortaya qoyması danılmazdır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlər qazanan ölkəmizin beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara ev sahibliyi etməsi ölkəmizin elmə, təhsilə, mədəniyyətə, idmana və digər sahələrə olan diqqəti ilə yanaşı, bu və ya digər sahələrdə qazanmış olduğu uğur və nailiyətlərin təsdiqidir. Paytaxtımızda NATO Parlament Assambleyasının seminarı, ATƏT Parlament Assambleyasının illik sessiyası, IV Bakı Beynəlxalq Humanitar, Gənclər siyasəti üzrə I Qlobal forumu, Caz Festivalı, "Eurovision-2012" musiqi yarışması, "Bakı Elm Festivalı-2014", BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu kimi mühüm əhəmiyyət kəsb edən müxtəlif məzmunlu tədbirləri təşkil olunmasında Azərbaycanın qazandığı mövqeyi, ölkəmizin beynəlxalq çəkisi, yüksək imici səbəb olmuşdur. Beynəlxalq tədbirlərin keçirilməsi mürəkkəb bir mexanizmə malik olduğundan təşkilatçılıq, təhlükəsizlik, iqtisadi imkanların mövcudluğu da həlledici rola malikdir ki, ölkəmizdə bütün bu və ya tədbirlərin yüksək səviyyədə təşkili öz həllini tapır. Bu günlərdə paytaxtımızda təşkil olunan "Formula 1" yarışları da uğurla başa çatdı. Ölkəmizdə keçirilən tədbirlər bir daha göstərir ki, Azərbaycan sürətlə inkişaf etməkdədir. Tədbirin təşkilatçıları olan tərəfdaşlar da beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün ilk növbədə, sabitliyin, təhlükəsizliyin təmin olunduğu, inkişaf gedən ölkələrə etimad göstərirlər. Respublikamızda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor isə dövlət başçısının həyata keçirdiyi siyasi kursun ümummilli maraq və mənafeyə tam cavab verməsidir. Azərbaycanda son illər keçirilən beynəlxalq tədbirlər ölkəmiz haqqında təəssüratları genşləndirir, respublikamızın imicinə müsbət təsir göstərir.

"AVRO-2020" PANDEMİYA DÖVRÜNÜN TƏLƏBLƏRİNƏ UYĞUN OLARAQ KEÇİRİLƏCƏK

Azərbaycan bu gün daha bir beynəlxalq səviyyəli yarışa ev sahibliyi edəcək və bütün dünyanın nəzəri yenidən ölkəmizə cəm olacaq. Bu AVRO-2020 oyunlarıdır. Təbii ki, bu oyunlar pandemiya dövrünün tələblərinə uyğun olaraq keçiriləcək. Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə 2020-ci il martın 12-də koronavirus epidemiyasının qlobal pandemiya elan olunması nəzərə alınaraq, UEFA İcraiyyə Komitəsinin 17 mart 2020-ci il tarixli iclasında AVRO-2020-nin daha əvvəl açıqlanmış tarixdən düz bir il sonra - 2021-ci il iyunun 11-dən iyulun 11-dək olan müddətdə keçirilməsi barədə qərar qəbul olunub. Pandemiya ilə əlaqədar AVRO-2020-nin oyunlarının keçiriləcəyi stadionlara azarkeşlərin hansı sayda və hansı prosedurlar əsasında buraxılacağı barədə qərar yerli hökumət və dövlət strukturları tərəfindən artıq qəbul edilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və AVRO-2020-nin yerli təşkilat komitəsinin birgə iclasında UEFA-nın tövsiyələri və Bakı şəhərində pandemiya ilə bağlı mövcud vəziyyət nəzərə alınaraq Bakıda keçiriləcək 4 oyunun hər birində Bakı Olimpiya Stadionunun ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeşin COVİD-19-la bağlı müvafiq prosedurların yerinə yetirilməsi şərtilə iştirak edə biləcəyi barədə qərar qəbul olunub. Qərar yerli azarkeşlərlə yanaşı, oyunlarda iştirak edən milli komandaların mənsub olduğu ölkələrin vətəndaşlarına da şamil olunacaq.

Bildiyimiz kimi, cari ilin aprelin 13-də Prezident İlham Əliyev 2021-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, oyunlarla əlaqədar ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər mayın 1-dən iyulun 5-dək Azərbaycanın dövlət sərhədindən buraxılış məntəqələrində viza ala bilərlər. Sənəddə qeyd olunur ki, Oyunların Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin və ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu, Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya digər sənəd, Bakı şəhərində keçiriləcək oyunlarda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün oyuna bilet və ya biletin əldə olunmasını təsdiqləyən sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir.

BAKI OLİMPİYA STADİONU BEYNƏLXALQ STANDARTLARA TAM CAVAB VERƏN İDMAN OBYEKTİDİR

Bakının AVRO-2020-nin oyunlarına ev sahibliyi etməsi dünyanın diqqətini yenidən paytaxtımıza yönəldir. Beynəlxalq tədbirlərin təşkilinə məsuliyyətlə yanaşan Azərbaycan növbəti bir uğura da imza atır. Bakıda futbol həyəcanı yaşanacaq. Bu nüfuzlu tədbirin uğurla keçirilməsi Azərbaycanın böyük beynəlxalq tədbirləri, o cümlədən bütün dünyanın diqqət mərkəzində olan idman yarışlarını yüksək səviyyədə təşkil etmək bacarığını bir daha nümayiş etdirəcək.

Təbii ki, AVRO-2020-nin Azərbaycanda keçirilməsi ölkəmizin uğurudur. Bu, Azərbaycanın ildən-ilə artan nüfüzunun göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idman sahələrinin, o cümlədən futbol infrastrukturunun yaradılması, yeni stadionların, xüsusilə Bakı Olimpiya Stadionunun tikintisi də daxil olmaqla həyata keçirilən ümumi sosial-iqtisadi siyasətin uğurudur. Mükəmməlliyi ilə diqqəti cəlb edən Bakı Olimpiya Stadionu beynəlxalq standartlara tam cavab verən idman obyektidir. Stadion müasirliyi, funksional baxımdan əlverişliliyi, paytaxtın memarlığına və irəli sürülən texniki şərtlərə maksimum uyğunluğu ilə seçilir. Bakı Olimpiya Stadionunda Avropa Çempionatının keçiriləcək oyunları da çox yüksək səviyyədə təşkil olunacaq.Avropanın, eləcə də dünyanın diqqəti yenidən Azərbaycanda – paytaxtda olacaq. Belə yarışların ölkəmizdə keçirilməsi həm də Odlar yurdunu dünya ölkələrinə bir daha tanıdır.Əlbəttə ki, beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə maraqlı olan Azərbaycan dövləti bu toplantıların yüksək səviyyədə keçirilməsinə böyük şərait yaradır.Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən bu tədbirlər ölkəmizin dünyadakı nüfuzunu günü-gündən daha da sarsılmaz edir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə