Asfalt cəngavərlərinin evi yarışa hazırdır! - Hədəfə 5-ci dəfə

Bakı Şəhər Halqası bu həftə, Formula 1-in qayıdışı ərəfəsində hazırlıqlarını başa çatdırıb. SİA xəbər verir ki, dünyanın ən güclü pilotlarının Azərbaycana qayıtmasına sadəcə 1 gün qaldı. 2021 Formula 1 Azərbaycan Qran Prisinin təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, bu həftəsonunda Bakıda keçiriləcək beşinci Formula 1 yarışından əvvəl bütün hazırlıqlar artıq başa çatıb. Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Formula 1 üzrə yarış direktoru və təhlükəsizlik nümayəndəsi Maykl Masi, bu səhər Formula 1-dəki ən sürətli şəhər trekinin yarışa hazırlığını təsdiqləməzdən əvvəl Bakı Şəhər Halqasına son dəfə baxış keçirdi.

Builki yarış davam edən koronavirus pandemiyası səbəbindən bağlı qapılar arxasında keçiriləcək. Pandemiya həmçinin belə bir dünya miqyaslı idman tədbirinin keçirilməsi üçün tələb olunan işləri artırsa da, yarışa hazırlıq prosesini yavaşlada bilməyib.

Həqiqətən, COVID-19 pandemiyası səbəbindən tətbiq olunan yeni sağlamlıq və təhlükəsizlik tədbirləri Formula 1-in ən coşğulu və gözlənilməz şəhər trekinin təşkilatçısı üçün hər zamankından daha çox çətinliyə səbəb olub.

Son 4 ayda 20 döngəli və 6 km-dən bir qədər çox uzunluğa malik Bakı Şəhər Halqasının 4-6 iyun tarixlərində baş tutacaq Formula 1 yarış həftəsonuna hazır vəziyyətə gətirilməsi peşəkar kadrlardan ibarət BŞH komandasının xüsusi səyi nəticəsində mümkün olub. Bundan əlavə, trek üzərində olan bütün tikililər əməliyyat şirkəti ilə Formula 1 işçilərinin, eləcə də komandalar, sürücülər və medianın təhlükəsiz şəraitdə iş apara bilməsi üçün müvafiq şərait qurulub.

Əməliyyat şirkəti bütün bunları nəzərə alaraq böyük qürurla elan edir ki, Bakı yarışa tam hazırdır!

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə