"Azərbaycanda velosiped zolağı yoxdur" - FEDERASİYA RƏSMİSİ DİLƏ GƏLDİ
“BMT-nin 2018-ci ilin aprel ayında 72-ci sessiyasında 3 iyun tarixinin Dünya Velosiped Günü elan edilməsi ilə bağlı qətnamə qəbul edilib”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat katibi Pərviz Musayev deyib.
Onun sözlərinə görə, həmin gündən artıq bütün dünyada velosiped sürənlər və həvəskarlar təqvimdə onlar üçün ayrılmış bu günü özləri üçün əlamətdar hadisə kimi qeyd edirlər: “Azərbaycanda da son illər ərzində velosipedə həm nəqliyyat vasitəsi kimi, həm də idman növü kimi maraq artıb. İnsanların ekoloji cəhətdən sağlam olan nəqliyyat vasitəsi olan velosipedi sürməsi sevindirici bir haldır. Amma müəyyən problemlər və çatışmazlıqlar da var. İlk növbədə bu velosiped zolaqlarının olmaması ilə bağlıdır ki, müəyyən qədər insanlarda qorxu yaradır. İnsanların velosipedlə hərəkət edərkən avtomobillə toqquşmaları riski ilə bağlı müəyyən narahatçılıqlar var. Məsələnin kökündə dayanan əsas problemlərdən biridir ki, Azərbaycanda velosiped zolağı yoxdur".
Pərviz Musayev həmçinin qeyd edib ki, son illər ərzində bu istiqamətdə kifayət qədər işlər görülməyə başlayıb: "Artıq velosiped zolaqlarının çəkilməsi ilə bağlı layihələndirmə işləri gedir. İnsanların velosipeddən rahat nəqliyyat vasitəsi kimi istifadə edə bilmələri üçün şəraiti yaradılmasını gözləmək qalır. Ümid edirik ki, tez bir zamanda layihələndirmə işləri yekunlaşacaq və artıq praktiki işlər görülməyə başlayacaq. Bir neçə gün bundan əvvəl cənab Prezident Ağdamda səfərdə olarkən orada da bildirildi ki, Ağdam rayonunda velosiped zolaqları olacaq. Bu artıq o anlama gəlir ki, velosiped yollarının, zolaqlarının olması günün, müasir dövrün tələbidir".
Arzu Elsevərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB