Azərbaycan kikboksinq tarixində yeni səhifə-(SƏSTV)

Azərbaycan kikboksinq tarixində yeni səhifə-(SƏSTV)

\"Sərhədçi\" İdman Olimpiya Mərkəzinin baş məşqçisi, üçqat dünya, ikiqat Avropa çempionu, baş leytenant Fuad Zeynalovun siasport.az saytına və SƏSTV-yə müsahibəsi:

- Fuad müəllim, məlumdur ki, bir neçə gün öncə siz Azərbaycan kikboksinq tarixində ilk dəfə olaraq WAKO versiyasının light contact növündə Dünya Kubokunda qızıl medal qazanmısınız. Yarış barədə təəssüratlarınızı bilmək istərdik...

- WAKO versiyasının light contact növü ən ağır versiyalardan biridir. Biz bu növdə 17-ci Dünya Kuboku üçün Macarstana yollanmışdıq. Eduard Məmmədov və məndən başqa komandanın bütün heyətini gənclər təşkil edirdi. Komandamız gənc olmağına baxmayaraq, böyük ölkələrlə rəqabət aparırdı. Uğurlu çıxışlarımız sayəsində komanda hesabında 2-ci yerə layiq görüldük. 9 qızıl medal, 4 gümüş, 5 bürünc medalla dünyanın ikincisi olduq.

Nəzərinizə çatdırım ki, ilk dəfə olaraq Azərbaycanın kikboksinq tarixində Dünya Kubokunda WAKO versiyasının light contact növündə ilk qızıl medalı mən qazandım (94 kq çəki dərəcəsində).

- Rəqibləriniz barəsində nə deyə bilərsiniz?

- Rəqiblər barəsində onu deyə bilərəm ki, 25 ölkədən 800-dən artıq idmançı iştirak edirdi. Demək olar ki, çox güclü, dünyada sayılan idmançılar idilər. İlk döyüşdən sonra macar idmançı, finalda isə Çexiya idmançısı ilə görüşdüm. Döyüşlər çox sürətli templə getdi. İl yarım idi ki, mən axırıncı Avropa çempionatından sonra döyüşməmişdim. Rəqiblərim məndən çəkidə ağır idilər. Döyüşlərin ağır keçməsinə baxmayaraq mən qalib gəldim və Azərbaycan bayrağını qaldırdım, dövlət himnimizi səsləndirdim.

- Məşqçi karyeranız barədə nə deyə bilərsiniz?

- Mən həm idmançı, həm də bir məşqçi kimi fəaliyyət göstərirəm. Məşqçi kimi fəaliyyətimdə ən böyük uğurum bu yarışda – Dünya Kubokunda yeniyetmələr arasında Əli Bağırzadənin bürünc medal qazanması oldu. O, yeniyetmə olmasına baxmayaraq təcrübəli idmançılara qalib gəldi, WAKO versiyasında 3-cü yerə çıxdı.

İki il bundan öncə Sərhədçi İdman Olimpiya Mərkəzinin rəisi məni ora dəvət etdi, orda baş məşqçi kimi fəaliyyət göstərməyimi məsləhət gördü.

İlk öncələr mənə ağır gəlsə də, daha sonra uğurlu alındığının şahidi oldum. Rəhbərlik etdiyim komanda Respublikada beynəlxalq səviyyəli yarışlarda böyük uğurlar qazandı.

- "Sərhədçi" İdman Olimpiya Mərkəzində hansı növlər fəaliyyət göstərir?

- "Sərhədçi" İdman Olimpiya Mərkəzi böyük bir idman şəhərciyidir. Burada bütün idman növləri fəaliyyət göstərir. Bu idman növlərinə peşəkar məşqçilər başçılıq edirlər. Hazırda "Sərhədçi" klubunun idmançıları Dünya Kuboku və Avropa Çempionatı yarışlarına hazırlaşırlar.

- Peşəkar döyüşlərdə iştirak etmək fikriniz varmı?

- Fikirləşirdim ki, WAKO versiyası üzrə yarışdan sonra həvəskar idmançı karyeramı bitirim. Daha sonra fikirləşdim ki, digər bir neçə yarışlarda da vətənimizi layiqincə təmsil edim. Həvəskar döyüşlərdə iştirakımı bitirdikdən sonra peşəkar döyüşlərə qatılacam.


\"\"

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə