Avarçəkənimiz "Tokio-2020"yə lisenziya uğrunda MÜBARİZƏ APARACAQ

Bu gün Macarıstanın Seqed şəhərində kayak və kanoe üzrə Avropa Olimpiya təsnifat turniri və ikinci dünya kuboku yarışları start götürəcək. SİA xəbər verir ki, beş gün davam edəcək yarışda Azərbaycan kanoeçi Malxaz Çinçaraşvili ilə təmsil olunacaq. İyirmi dörd yaşlı idmançı 1 nəfərlik qayıqla həm 1000 metr, həm də 500 metr məsafəyə yürüşlərə qatılacaq.

Olimpiya lisenziyalı turnirdə o, seçmə mərhələdə Ara Vrabyan (Ermənistan), Vadim Korobov (Litva), İlya Ştokalov (Rusiya), Maksim Petrov (Belarus), Angel Kodinov (Bolqarıstan), Zaza Nadiradze (Gürcüstan) və Sergey Tarnovski (Moldova) ilə mübarizə aparacaq. İlk üçlüyə düşənlər yarımfinala yüksələcəklər.

Növbəti mərhələdən finala yüksəlmək üçün də yeni üçlüyə düşmək lazımdır. Seçmə və yarımfinal mərhələləri ilk yarış günündə, finallar isə ertəsi gün olacaq. Tokio Yay Olimpiya Oyunlarına lisenziyaları ilk 2 yeri tutanlar qazanacaqlar.

Mayın 14-də Çinçaraşvili Dünya Kubokunda 1000 metr, ertəsi gün 500 metr məsafələrə yürüşlərə qatılacaq. Min metr məsafəyə finallar mayın 15-də, 500 metr məsafəyə həlledici yürüş isə ayın 16-da olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...