"Kubokun Prezidentə təqdim olunması böyük tarixi hadisədir" İDARƏ RƏİSİ MÜNASİBƏT BİLDİRDİ

"Pandemiya ilə əlaqədar olaraq, keçən il keçirilməsi nəzərdə tutulan Avropa çempionatının Avropanın aparıcı dövlətlərində nəzərdə tutulan yarışı bu il keçiriləcək". Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

Onun sözlərinə görə, artıq kubokun oyunlar keçiriləcək ölkələrin şəhərlərinə, paytaxtlarına gətirilməsi prosesi başlayıb: "Azərbaycanın paytaxtı Bakı şəhərinə də kubokun gətirilməsi və cənab Prezidentə təqdim olunması böyük bir tarixi hadisədir. İdman aləmində futbol ilə bağlı olan Avropa çempionatı böyük baxıcı auditoriyasının, böyük televiziya auditoriyasının, eyni zamanda çoxsaylı azərkeşlərin böyük maraqla gözlədiyi hadisədir. Hər bir ölkənin dövlət səviyyəsində məhz yarışın keçirilməsinə verilən dəstək həmin ölkənin paytaxtında Avropa çempionatının oyunlarının keçirilməsində zəmanət yaradır".

Raqif Abbasov həmçinin qeyd edib ki, cənab Prezident Milli Olimpiya Komitəsinin rəhbəri kimi idman yarışlarında kütləviliyi təmin edən Azərbaycanda idman tədbirlərinə xüsusi önəm verir: "Bu baxımdan kubokun Bakıya gətirilməsini çoxsaylı futbol və idman azərkeşləri də böyük rəğbət və sevinc hissi ilə qarşıladılar. Türkiyə yığma komandasının məhz doğma Azərbaycanımızda, Bakıda keçirilən oyunlarda iştirakı böyük səbrsizliklə gözlənilir".

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə