"Göyçə: itirilmiş ocaq" sənədli filmi çəkilib

"Göyçə: itirilmiş ocaq" sənədli filmi çəkilib

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Virtual Qarabağ" İKT Gənclər İctimai Birliyi tərəfindən "Göyçə: itirilmiş ocaq" sənədli filmi istehsal edilib. Gənclər və İdman Nazirliyindən SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Virtual Qarabağ" İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən istehsal edilmiş "Göyçə: itirilmiş ocaq" sənədli filmi ilk dəfə olaraq 30 aprel 2021- ci il, saat 21:00–da Azərbaycan Televiziyasında nümayiş olunacaq.

Filmdə buz kimi bulaqları, yaşıl çəmənləri, uca dağların qoynundakı mavi gözlü Göyçə gölünü, ruhumuzun qidası olan ozan – aşıq sənətini bizə xatırladan, igid insanları və qonaqsevərliyi ilə seçilən və Azərbaycan mədəniyyətinin və tarixi coğrafiyasının ən böyük itkilərindən biri olan eldən, Oğuz yadigarı – Göyçədən bəhs edilir. Sənədli filmin ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifləri tarixçi alimlər Nazim Mustafa, Ramin Əlizadə, rejissoru Teymur Nəcəfzadədir.

Qeyd edək ki, sənədli film Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə ərsəyə gəlmişdir.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə