"Real", "Mançester Siti" və "Çelsi" UEFA Çempionlar Liqasından kənarlaşdırılır

UEFA İcraiyyə Komitəsinin üzvü Yesper Meller Avropa Superliqasına qatılacaq komandaların cümə günü Çempionlar Liqasından kənarlaşdırılacağını bildirib.

SİA xəbər verir ki, bu barədə o, "DR Sport"a açıqlamasında deyib. Danimarka Futbol Federasiyasının prezidenti olan Y.Meller bildirib ki, "Real", "Mançester Siti" və "Çelsi" turnirdən kənarlaşdırılır: "Bununla bağlı qərarın cümə günü açıqlanacağını gözləyirəm. Bütün 12 klubun da Avropa kuboklarından uzaqlaşdırılması ilə bağlı gözləntim var. Sonra Çempionlar Liqasının necə bitəcəyini görəcəyik".

Cümə günü UEFA İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası olacaq.

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinalında aprelin 27-i PSJ - "Mançester Siti", "Real" - "Çelsi" ilk görüşləri keçirilməlidir.

Xatırladaq ki, İspaniya, İtaliya və İngiltərədən 12 nəhəng klubun Avropa Superliqası adlı turnir təşkil edəcəyi məlum olub. Həmin klublar "Real", "Barselona", "Atletiko", "İnter", "Yuventus", "Milan", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem"dir.

Bütün xəbərlər Facebook səhifəmizdə