Azərbaycanlı futbolçu Gürcüstanın "Telavi" klubu ilə müqavilə imzalayıb

Azərbaycanlı futbolçu Gürcüstanın "Telavi" klubu ilə müqavilə imzalayıb

"Səbail"dən ayrılan futbolçu Vüqar Bəybalayevin yeni klubu müəyyənləşib. O, Gürcüstanın yüksək liqa təmsilçisi "Telavi" ilə bu ilin sonuna qədər müqavilə imzalayıb.

SİA xəbər verir ki, bu barədə V.Bəybalayev "qol.az"a açıqlamasında deyib. 27 yaşlı yarımmüdafiəçi bildirib ki, Gürcüstan klubu ona əlverişli şərtlər irəli sürüb:

"Demək olar, hər bir məhsuldar nəticə dəyərləndiriləcək. Mənim marağımda olan bütün şərtləri klub məndən qabaq irəli sürdü. Ümumiyyətlə, burada ab-hava yaxşıdır. Düzünü desəm, müqavilə işlərini menecerim Erkin İbrahimov öz üzərinə götürdü, bu işdə onun əməyi böyükdür. Kluba gəlincə yaxşı klubudur, Konfrans Liqası üçün mübarizə aparır. Standartlara cavab verən bazası var".

Bəybalayev çıxış edəcəyi forma və maliyyə mövzularına da toxunub:

"Bildiyiniz kimi, "Səbail"də 5 nömrəli formada çıxış edirdim, amma "Telavi"də bu nömrənin sahibi var. 15 nömrəli forma ilə çıxış edəcəyəm. Əlavə olaraq, klub hər qələbəyə görə bonus ödəniş edəcək, bundan başqa, yayda Azərbaycandan təklif gəlsə, razılığım olsa, şərtsiz buraxacaqlar. Əgər Avropa və ya Gürcüstanın başqa klublarından təklif alsam, o zaman kompensasiya ödəməli olacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə