"Neftçi"nin legioneri: "Çempionluq əlçatmaz deyil"

"Bu qələbə psixoloji baxımdan çox vacib idi. Çünki "Zirə"yə məğlubiyyətdən sonra özümüzə gəlməli idik".

SİA-nın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Yusuf Laval evdə "Sabah"ı 2:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib.

Nigeriyalı yarımmüdafiəçi belə davam etmələrinin vacibliyini vurğulayıb: "Belə davam etsək, mövsümün sonunda məqsədimizə çatacağıq. Bu əlçatmaz deyil. Çünki hazırda turnir cədvəlinin 1-ci pilləsində qərarlaşmışıq".

Laval mövsümdə 5-ci dəfə məhsuldar ötürmə verməsinə də münasibət bildirib: "Qarşıma qol ötürmələrinin sayına görə birinci olmaq məqsədi qoymamışam. Məqsədim odur ki, komandamız mövsümü ən yaxşı nəticə ilə başa vursun".

23 yaşlı oyunçu hələ də optimal formada olmadığını, hazırda bundan ötrü çalışdığını əlavə edib: "Baş məşqçinin də tələbi belədir. Təbii ki, bunun öhdəsindən gələcəyəm".

Qeyd edək ki, "Sabah" üzərində qələbə sayəsində xalını 36-ya çatdıran "Neftçi" yenidən liderliyini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə