"Neftçi" uduzmadığı rəqibə, Ayxan Abbasov keçmiş komandasına qarşı - AFİŞA

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulacaq.

SİA-nın məlumatına görə, son oyun günündə də 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçı Sumqayıtda olacaq. Şəhərin eyniadlı təmsilçisi "Kapital Bank Arena"da "Zirə" ilə qarşılaşacaq. Bu oyun hazırda "Sumqayıt"ın sükanı arxasında olan Ayxan Abbasovun keçmiş komandasına qarşı növbəti sınağı olacaq.

Hazırda "gənclik şəhəri" təmsilçisi 23 xalla 4-cü, "qartallar" isə 28 xalla 3-cüdür. Bunadək ölkə çempionatında 21 dəfə üz-üzə gəlmiş komandaların duelində meydan sahibləri 6, qonaqlar 10 qələbə qazanıblar. 5 oyunda qalib müəyyənləşməyib. Topların fərqi də "Zirə"nin xeyrinədir - 21-29. Son 5 oyunda hər iki komanda qol vurub. "Sumqayıt" 4 matçdır uduzmur.

Turun son matçı "Bakcell Arena"da baş tutacaq. 33 xalla 2-ci sırada yer alan "Neftçi" 15 xalla autsayder olan "Sabah"ı qəbul edəcək. Bu, komandaların Premyer Liqada yubiley - 10-cu görüşü olacaq. Əvvəlki 9 qarşılaşmada "ağ-qaralar" rəqibini 8 dəfə məğlub edib. Bir oyun isə heç-heçə başa çatıb. Flaqman heç vaxt Masazır təmsilçisinə uduzmayıb. “Sabah” 4 matçdır qol vurmur və xal qazanmır.

Azərbaycan Premyer Liqası

XVIII tur

3 mart (çərşənbə)

16:00. “Sumqayıt” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Vüqar Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: İlham Əliyev
“Kapital Bank Arena”.

18:15. “Neftçi” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Elçin Məsiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Bakcell Arena”.

Qeyd edək ki, ilk oyun günündə "Səbail" evdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə edib. "Qarabağ" isə "Qəbələ"nin qapısından 3 cavabsız top keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə