Türkiyə millisinin sabiq futbolçusu İngiltərədə irqçiliklə üzləşdi

İngiltərənin "Derbi Kaunti" klubunda çıxış edən Türkiyə millisinin sabiq futbolçusu Kolin Kazım irqçiliyə məruz qalıb.

SİA-nın məlumatına görə, 35 yaşlı hücumçu Çempionşipdə XXXIII turun "Nottingem Forest"lə matçından sonra təzyiqlərlə üzləşib.

1:1 hesablı heç-heçə ilə yekunlaşan görüşün ardından sosial şəbəkələrdə Kolin Kazıma pakistanllılar üçün pis ifadə hesab edilən "paki" yazılıb. Forvard açıqlamasında bunun üçün üzüldüyünü vurğulayıb.

Türkiyə Futbol Federasiyasına məxsus milli komandanın rəsmi tvitter hesabı Kazımın yanında olduqlarını bildirib. Paylaşımda futbolçunun Türkiyə seçməsinin Azərbaycan millisi ilə oyunundakı fotosu əksini tapıb.

"Derbi Kaunti" da məsələ biganə yanaşmayıb. Klub paylaşımında idmanda və cəmiyyətdə irqçiliyə yer olmadığını diqqətə çatdırıb.

Qeyd edək ki, Türkiyədə "Fənəarbağça" və "Qalatasaray"ın formasını geyinmiş Kolin Kazım 2007 - 2015-ci illərdə Türkiyə yığmasında çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə