PFL qara görə çempionat oyunlarını təxirə saldı

Azərbaycan Respublikası ərazisində mövcud olan qarlı hava şəraiti ilə əlaqədar Peşəkar Futbol Liqası (PFL) yeni qərar qəbul edib.

SİA PFL-in rəsmi saytına istinadən xəbər verir ki, stadionlardakı son durum təftiş olunub və Azərbaycan I Divizionunun bu gün keçirilməli olan XIV turun “Sabah -2” – “Keşlə-2”, “Neftçi-2” – “Sumqayıt-2” və MOİK – “Kəpəz” oyunları təxirə salınıb.

Görüşlərin vaxtı ilə bağlı PFL-in rəsmi saytında əlavə məlumat veriləcək.

Əvəzində “Turan Tovuz” – “Qaradağ Lökbatan” oyunu planlaşdırıldığı kimi, saat 14:00-da başlanacaq. Halbuki ötən tur Tovuzda "Sumqayıt-2" ilə görüş güclü qar üzündən 51-ci dəqiqədə yarımçıq dayandırılıb. Ertəsi gün də davam etdirmək mümkün olmadığından, matç "Kəpəz" - "Qaradağ Lökbatan" qarşılaşması ilə birgə qeyri-müəyyən müddətə təxirə salınıb.

Bu dəfə isə situasiya tam əksinədir: Bakıdakı oyunlar təxirə salınıb, Tovuzda isə hava şəraiti oyunun keçirilməsinə imkan verir. "Turan Tovuz"un Müşahidə Şurasının sədri Oqtay Abdullayev "Report"a bildirib ki, hazırda rayonda hava soyuq və küləklidir, amma oyunun təşkili üçün heç bir problem yoxdur.

Qeyd edək ki, XIV tura fevralın 23-də "Zaqatala" - "Qarabağ-2" görüşü ilə start verilib. Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...