Çempionlar Liqası: "Bavariya"nın futbolçuları yeni rekordlara imza atdı

Almaniyanın "Bavariya" klubunun futbolçusu Camal Musiala Çempionlar Liqasında yeni rekorda imza atıb.

SİA "Opta Sport"a istinadən xəbər verir ki, yarımmüdafiəçi qitənin bir nömrəli klub turnirində qol vuran ən gənc ingilis oyunçu olub.

O, İtaliyada 1/8 finalın "Latsio"ya qarşı ilk matçının 23-cü dəqiqəsində fərqlənib. Musiala 17 yaş 363-cü günündə rəqibi məyus etməyi bacarıb.

"Latsio" ilə görüş Münhen təmsilçisinin daha bir üzvü Coşua Kimmix üçün də əlamətdar olub. O, 50 Çempionlar Liqası görüşündə iştirak edib və bunların 38-də meydanı qələbə ilə tərk edib. Bu isə klub tarixində mütləq rekorddur.

Qeyd edək ki, qarşılaşma "Bavariya"nın 4:1 hesablı qələbəsi ilə bitib.

Daha əvvəl Almaniya mətbuatı Camal Musialanın İngiltərə yığmasından imtina edərək Almaniyə millisini seçdiyini yazıb.

Ştutqartda anadan olmuş Musiala daha sonra anası ilə birlikdə İngiltərəyə köçüb və "Çelsi"nin akademiyasına yazılıb. Futbolçu İngiltərənin aşağı yaşlardan ibarət milli komandalarında çıxış edib. "Bavariya"nın gənc oyunçu ilə 5 illik müqavilə imzalayacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə