"Həkim demişdi ki, ayağın kəsilə bilər"

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Ferlan Mendi uşaq vaxtı ciddi problemlər yaşayıb. SİA-nın məlumatına görə, bu barədə fransalı müdafiəçi UEFA-nın rəsmi saytına açıqlamasında bildirib. O, PSJ akademiyasında 7 il keçirdikdən sonra 18 yaşında klubun akademiyasına daxil olmağa az qalmış zədələndiyini xatırlayıb. Mendi baldır artriti və infeksiyadan əməliyyat olunduğunu və xəstəxanada uzun müddət müalicə aldığını söyləyib. Onun sözlərinə görə, əməliyyatdan sonra həkim bir daha futbol oynaya bilməyəcəyini, hətta ayağının kəsilməsinin mümkünlüyünü deyib.

Mendi 3 ayadək gips sarğısında, daha sonra əlil arabasında və əsa ilə gəzdikdən sonra yeriməyə başlayıb. Lakin o, hamıya futbola qayıdacağını söyləyib: "Bir çox insan düşünürdü ki, bu, mümkünsüzdür. Lakin mən gəzməyi öyrəndim və 1,5 il baldır ağrıları ilə futbol oynadım. İki il əvvəl ən yaxşı sol cinah müdafiəçisi seçildim. Yəni, məndə hər şey yaxşı alındı".

Qeyd edək ki, Ferlan Mendi "Real Madrid"ə 2019-cu ilin yayında Fransa "Lion"undan 48 milyon avroya keçib. Bu mövsüm 26 yaşlı müdafiəçi İspaniya La Liqasında 20 oyuna 1 qol vurub və Çempionlar Liqasında 6 matçın itirakçısı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə