“Australian Open”ə gələn tennisçilərdən narazılıq

İlin ilk “Böyük dəbilqə” seriyalı turnirində iştirak etmək üçün Avstraliyaya gələn tennisçilər ciddi problemlə üzləşiblər. İnfrastrukturla bağlı nöqsanların olduğunu bildirən raketka ustaları təşkilatçıları vəziyyətdən çıxış yolu tapmağa səsləyiblər.

SİA-nın məlumatına görə, fevralın 8-də start götürəcək turnirdən əvvəl qarışıqlıq yaranıb. “Australian Open”dən əvvəl karantinə alınan tennisçilər yarışa istədikləri kimi hazırlaşa bilmirlər.

ATP reytinqinin lideri Novak Cokoviç bunu nəzərə alaraq təşkilatçılar qarşısında tələblərlə çıxış edib. Xarici mətbuatın yazdığına görə, serbiyalı idmançı tennisçilərin məskunlaşdığı otel nömrələrində məşq ləvazimatlarının çatışmazlığından şikayətlənib. Cokoviç qidaların keyfiyyətindən də narazı qalıb. Onun tələbinə görə, karantində olan 47 tennisçi mütəmadi testdən keçirilməli, onların təcridolunma şəraiti yüngülləşdirilməlidir. Bununla yanaşı, koronavirusa yoluxmayan məşqçilərə idmançılarla görüşməyə imkan yaradılmalıdır. Cokoviç təşkilatçıların tennisçilərə mümkün qədər şəxsi evlərdə qalmağa şərait yaratmalı olduqlarını da bildirib. Amma “Böyük dəbilqə” seriyalı turnirlərin 17 qat qalibinin tələbləri qəbul edilməyib.

Viktoriya ştatının baş naziri qərarların dəyişməyəcəyini bəyan edib. Onun fikrincə, tennisçilər Avstraliyaya gəlməzdən əvvəl onlara şərtlərlə bağlı məlumat verilib.

Avstraliyalı tennisçi Filipp Osvald da təşkilatçıları top tennisçilərlə sıravi raketka ustaları arasında fərq qoymaqda ittiham edib. O düşünür ki, reytinqdə ön sıralarda olan idmançılar daha yaxşı şəraitdə məşq edirlər. Bundan başqa geniş kütlə arasında tanınmayan raketka ustalarına məşq üçün daha az vaxt verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə