Sərbəst güləşçilərimiz qran-pri turnirində beş medal qazanıb

Fransanın Nitsa şəhərində güləş üzrə Henri Deqlan qran-pri turniri davam edir.

SİA xəbər verir ki, bu gün sərbəst güləşçilər mübarizə aparıb.

Georgi Edişeraşvili startda ABŞ təmsilçisinə məğlub olub. Əvəzində Mahir Əmiraslanov 1/8 finalda İsveçrə təmsilçisinə elə ilk hissədə qalib gəlib. Ancaq həmyerlimiz daha sonra ABŞ idmançısıyla bacarmayıb. Mübarizəyə 1/4 finaldan qoşulan İslam Bazarqanov Rumıniya güləşçisini ilk hissədə üstələyərək yarımfinala vəsiqə qazanıb. Amerikalı güləşçiylə gərgin keçən mübarizədə də güclü tərəf olaraq finala adlayıb. Edişeraşvili təsəlliverici görüşdə Əmiraslanovu mübarizədən kənarlaşdırıb. Ancaq bürünc medal uğrunda görüşdə amerikalı idmançıya uduzub. Bazarqanov da finalda amerikalı rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.

Turan Bayramov ilk görüşdə yerli idmançıya heç bir şans tanımayıb. 1/4 finalda Moldova güləşçisiylə gərgin mübarizə şəraitində keçən qarşılaşmada sonuncu xal prinsipinə əsasən gənc pəhləvanımız adını yarımfinala yazdırıb. Finalın bir addımlığında amerikalı dünya ikincisinə uduzan həmyerlimiz fransalı güləşçiyə növbəti dəfə qalib gələrək turniri 3-cü pillədə başa vurub.

Hacımurad Hacıyev ilk mərhələdə İsveçrəli rəqibi üzərində inamlı qələbə qazanıb. Hacımurad Ömərov debütdə israilli həmkarıyla bacarmayıb. Coşqun Əzimov 1/8 finalda İsveçrə güləşçisinə vaxtından əvvəl qalib gəlib. Hacıyev Moldova güləşçisini çox qısa vaxtda xalçadan məyus yola salaraq yarımfinala yüksəlib. Coşqun isə Moldovanın digər təmsilçisini "tuşe" ilə sıradan çıxarıb. Ancaq hər iki güləşçimiz yarımfinaldakı rəqiblərinə uduzub. Hacımurad daha sonra alman güləşçini çətinlik çəkmədən məğlub edərək bürünc medala sahib olubsa, Coşqun israilli idmançıya da yenilərək 5-ci yerlə kifayətlənib.

Abubakr Abakarov debütdə Rusiya idmançısına yenilib. Təsəlliverici görüşdə polşalı rəqibini çətinliklə üstələyən Abakarov bürünc medal uğrunda mübarizədə İsveçrə nümayəndəsi üzərində də qələbə qazanıb.

92 kq-da iştirakçı sayı az olduğu üçün dairəvi sistemdən istifadə olunub. Osman Nurməhəmmədov ilk görüşdə gürcü həmkarına tam üstünlüklə qalib gəlib. İkinci görüşdə isə Almaniya idmançısını vaxtından əvvəl məğlub edib. Polşalı güləşçiylə bacarmayan Osman bunun əvəzini İsveçrə təmsilçisindən çıxıb. Yekunda qazandığı 3 qələbə Nurməhəmmədova gümüş medal bəxş edib.

97 kq-da mübarizə qrup sistemiylə baş tutub. Şərif Şərifov ilk görüşdə gürcü idmançıya uduzub. Ancaq daha sonra rumıniyalı güləşçiyə çətinlik çəkmədən qalib gəlib. Təəssüf ki, olimpiya, dünya və Avropa çempionumuz zədə üzündən mübarizəni davam etdirə bilməyib.

Beləliklə, sərbəst güləşçilər qran-pridə iki gümüş və üç bürünc medal əldə edib.

57 kq

1/8 final: Georgi Edişeraşvili – Tomas Gilman (ABŞ) 0:4

1/8 final: Mahir Əmiraslanov – Nils Eutert (İsveçrə) 13:2

1/4 final: İslam Bazarqanov – Razvan Kovats (Rumıniya) 10:0

1/4 final: Mahir Əmiraslanov - Nik Suriano (ABŞ) 0:7

1/2 final: İslam Bazarqanov - Tomas Gilman (ABŞ) *6:6

Təsəlliverici görüş: Georgi Edişeraşvili - Şakir Ənsari (Mərakeş) 8:4

Təsəlliverici görüş: Mahir Əmiraslanov - Niklas Steşele (Almaniya) 4:3

Təsəlliverici görüş: Georgi Edişeraşvili - Mahir Əmiraslanov 9:4

Bürünc medal görüşü: Georgi Edişeraşvili - Tomas Gilman (ABŞ) 4:6

Final: İslam Bazarqanov - Nik Suriano (ABŞ) 1:7

65 kq

1/8 final: Turan Bayramov – İlman Muxtarov (Fransa) 5:0

1/4 final: Turan Bayramov - Maksim Sakultan (Moldova) *4:4

1/2 final: Turan Bayramov - Ceyms Qrin (ABŞ) 0:2

Bürünc medal görüşü: Turan Bayramov - İlman Muxtarov (Fransa) 3:1

74 kq

1/8 final: Hacımurad Hacıyev – Mark Ditşe (İsveçrə) 6:0

1/8 final: Hacımurad Ömərov – Miçel Finesilver (İsrail) 2:4

1/8 final: Coşqun Əzimov – Joel Mayer (İsveçrə) 13:0

1/4 final: Hacımurad Hacıyev - Stanislav Novak (Moldova) 10:0

1/4 final: Coşqun Əzimov - Valentin Borzin (Moldova) 6:2 (tuşe)

1/2 final: Hacımurad Hacıyev - Kayl Dayk (ABŞ) 0:7

1/2 final: Coşqun Əzimov - Daviti Tlaşadze (Gürcüstan) 3:3*

Bürünc medal görüşü: Hacımurad Hacıyev - Daniel Sartakov (Almaniya) 10:0

Bürünc medal görüşü: Coşqun Əzimov - Miçel Finesilver (İsrail) 1:2

86 kq

1/4 final: Abubakr Abakarov – Məhəmməd Ramazanov (Rusiya) 1:4

Təsəlliverici görüş: Abubakr Abakarov - Radoslav Marçinkieviç (Polşa) 4:3

Bürünc medal görüşü: Abubakr Abakarov - Stefan Reyçmut (İsveçrə) 6:4

92 kq

1-ci tur: Osman Nurməhəmmədov – İrakli Mitsuri (Gürcüstan) 11:0

2-ci tur: Osman Nurməhəmmədov - Robin Ferdinand (Almaniya) 15:5

3-cü tur: Osman Nurməhəmmədov - Zbiqniev Baranovski (Polşa) 5:10

4-cü tur: Osman Nurməhəmmədov - Samuel Şerrer (İsveçrə) 8:1

97 kq

1-ci tur: Şərif Şərifov – Givi Matçaraşvili (Gürcüstan) 3:8

2-ci tur: Şərif Şərifov - Mixael Manea (Rumıniya) 11:0

1/2 final: Şərif Şərifov - Kayl Snayder (ABŞ) -:+

Bürünc medal görüşü: Şərif Şərifov - Radoslav Baran (Polşa) -:+

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...