Keçən həftə FİFA-nın “The Best” mükafatının qaliblərinin adları məlum oldu. Qadınlar arasında bu titula İngiltərə yığma komandasının üzvü Lusi Bronz yiyələndi. Qeyd edim ki, Lusi qadınlar arasında ən yaxşı seçilən ilk müdafiəçidir. FİFA “The Best” mükafatını təsis edəndən ümumiyyətlə kişilər arasında da bu mükafatı qazanan mudafiəçi olmayıb. Beləliklə, Bronz bununla yenilik etmiş oldu.
Qadınlar arasında ən yaxşi məşqçi adını isə İngiltərə yığma komandasının çalışdırıcısı Sarina Viqman qazandı. O, buna 2-ci dəfə nail oldu.
Qəribə məqam “ilin ən yaxşı qapıçısı” nominasiyası ilə bağlıdır. Belə ki, səsvermədə “Bavariya”nın qapıçısı Manuel Noyer qalib gəlsə də, ilin ən yaxşı “11”liyində qapıda “Liverpul”un qapıçısı Alisson dayanıb.
“İlin ən yaxşı kişi futbolçusu” nominasiyasında gözlənildiyi kimi, “Bavariya”nın futbolçusu, polşalı Robert Levandovski qalib gəldi. Robert “Barselona”nın kapitanı Lionel Messini və “Yuvestus”un hücumçusu Kriştianu Ronaldunu qabaqlayraq birinci oldu. Levandovski bu titulu qazanmaqla bir növ 2013-cü ildə “Bavariya”nın o zamankı lideri Frenk Riberiyə qarşı olunmuş haqsızlığın əvəzini çıxdı.
Bu nominasiyadakı digər finalistlər Ronaldu və Messidən söz düşmüşkən deyim ki, bu cütlük bəlkə də bütün zamanların ən yaxşılarıdır. Amma bu il onların nəyə görə səsvermə nəticəsində ilk üçlükdə yer almaları mənim üçün sual olaraq qalır. Məncə Mane, Salah, Neymar və Mbappe heç də onlardan geri qalmırdılar. Əminəm ki, əgər “France Fottball”ın təsis etdiyi və jurnalistlərin səsverməsi əsasında təqdim edilən “Qızıl Top“ mükafatı bu il pandemiya səbəbindən təxirə düşməsə idi, Argentina və Portuqaliya yığma komandalarının kapitanları bu sorğuda ilk üçlüyə düşə bilməzdilər.
Yazıda bəhs etmək istədiyim əsas mövzu bu deyil. Mən “İlin ən yaxşı məşqçisi” nominasiyasında “The Best” mükafatını qazanan Yurgen Kloppdan danışmaq istəyirəm. Belə ki, adət etdiyimizdən fərqli olaraq azarkeşlərin bu dəfə əsas narazılıq etdikləri qalib “ilin ən yaxşı futbolçusu” yox,” ilin ən yaxşı məşqçisi” nominasiyası oldu.
Futbolsevərlərin narazı qaldıqları məqam onunla bağlı idi ki, niyə bu il, “Bavariya” ilə 5 titul (Almaniya Bundesliqası, Almaniya Kuboku, Almaniya Superkboku, Çempionlar Liqası və UEFA Superkuboku) qazanan Hans-Diter Flik yox, yalnız İngiltərə Premyer-Liqasının qalibi olan Yurgen Klopp qalib oldu?
Mən Flikin gördüyü işi kiçiltmək istəmirəm, Hans həqiqətən böyük iş gördü. Mövsümün ikinci yarısından rəhbərlik etməyə başladığı “Bavariya”nı dirçəltdi. O, “Bavariya”nın başına keçənə kimi Mühneh klubunun nəsə qazanacağına çox ümid yox idi. Ən optimist “Bavariya” azarkeşlərindən başqa, heç kəs Almaniya “flaqman”ının mövsüm sonunda bu qədər titul qazanacağını gözləmirdi.
Mütəxəssislər Bundesliqanı belə itirilmiş hesab edirdilər. Lakin mövsümün 2-ci yarısında alman məşqçinin gəlişiylə tamam başqa bir “Bavariya” gördük və Münhen təmsilçisi bütün mümkün titulları qazandı. Bura Çempionlar Liqasında (ÇL) “Barselona” üzərində 8:2 hesabı ilə bitən möhtəşəm qələbəni də əlavə edə bilərik. Amma gəlin realist olaq. “Bavariya”nın Bundesliqanı, ölkə kubokunu və superkubokunu qazanmağı, qazanmamağından çətindir. Nə maliyyə imkanlarına görə, nə də ki, heyətin genişliyinə və gücünə görə, Almaniyada “Bavariya”ya tay olacaq ikinci klub yoxdur. Flikin qazandığı titulların sırasında həqiqətən böyük əmək sərf etmək lazım olduğu, ÇL-dən başqa digər turnir yoxdur. Orada da onlar ciddi rəqiblərdən yalnız PSJ ilə qarşılaşdılar.
Ümumiyyətlə, top-klubların əksəriyyəti “Bavariya”ya müqavimət göstərəcək halda deyildi. “Barsa” nə etdiyini özü də bilmir. Kataloniya təmsilçisini başını itirən bir məşqçi və nə etdiyini özü də bilməyən rəhbərlik idarə edirdi. “Real” Zidanın qayıdışından sonra keçid dövrü yaşayırdı və hələ də yaşayır. “Yuventus” Sarri futboluna uyğunlaşa və qavrıya bilmədi.
“Mançester Siti”yə rəhbərlik edən Pep Qvardiola “Barsa”nı tərk edəndən sonra, ÇL-nin vacib qarşılaşmarında başını itirir, rəqibləri üçün gözlənilməz gedişlər hazırlamaq istəyir, amma hər dəfə alınmır. “Lion”la oyunda Pepin nə etmək istədiyi nə azarkeşlər, nə mütəxəssislər, nə futbolçuları, deyəsən, heç özü də anlamırdı.
FİFA-nın sorğusunda Flikə qalib gələn Kloppun “Liverpul”u isə sırf bəxtsizlik və qapıçı Adrianın “Karius sindormu”na yoluxması üzündən “Atletiko”da büdrədi. “Bavariya”nın qarşılaşdığı yeganə ciddi rəqib PSJ idi ki, onunla da finalda qarşılaşdı. Fransızları da əsasən, Noyerin möhtəşəm oyununun və bir qədər bəxtin hesabına məğlub etdilər.
UEFA Superkubokunu qazanmaqlarına gəldikdə, son 10 mövsümdə Avropa Liqasının qalibi ÇL qalibini yalnız 2 dəfə məğlub edib. 2012-ci və 2018-ci illərdə “Atletiko” Madrid müvafiq olaraq “İnter” və “Real” üzərində qələbə qazanıb.
Yurgen Klopla bağlı İlk növbədə onu qeyd etmək istəyirəm ki, Klopp bu mükafatı qazanmaqla bir yeniliyə imza atdı. Əvvəllər heç bir məşqçi bir dəfədən artıq ard-arda bu mükafatı qazana bilməmişdi. Klopp isə ard-arda 2 dəfə “ilin ən yaxşı məşqçisi” seçilməklə buna nail olan ilk baş məşqçi oldu.
Kloppun qələbəsinə etiraz edənlərin əsas arqumenti yuxarıda qeyd etdiyim kimi, onun il ərzində cəmi 1 titul qazanmasıdır. Amma gəlin görək, hansı titulu- Avropada qazanılması ən çətin hesab edilən İPL-i. Yurgen Klopp tək “Liverpul”un yox, “Mançester Yunayted” azarkeşləri xaric, bütün dünya futbolsevərlərinin 30 ildi gözlədiyi bir hadisəni reallaşdırdı və bunu 99 xal qazanaraq etdi. Kloppun başçılıq etməyə başladığı zaman dağılmış bir komanda olan “Liverpul” dünyanın ən çox baxılan turnirinin 1 nömrəsi oldu. Keçən mövsüm futbol aləmində bundan önəmli hadisə baş verməyib.
Bu mövsümdə “Liverpul” bütün çətinliklərə baxmayaraq, heyətinin bir çox vacib futbolçularının müxtəlif səbəblərdən sıradan çıxmasına rəğmən, İngiltərə Premyer-Liqasına başçılıq edir. Klopp 21 əsrin ən güclü məşqçilərinin ən önəmli keyfiyyətlərini , Ser Aleks Ferqyusonun xarizmasını, Marselo Byelsanın bir futbolçuya bir neçə ampluada oynamağı aşılamaq bacarığını, Van Qalın gənc futbolçuları kəşf ederek onları düzgün formada inkişaf etdirmək xüsusiyyətini, Pep Qvardiolanın oyunu xırda detallarına kimi hesablamaq qabiliyyətini, Arsen Vengerin zədələnmiş oyunçularına layiqli əvəzləyici tapmaq bacarığını, Karlo Ancelottinin futbolçularla dil tapmağını, Mourinyonun futbolçularından onun üçün "ölməyə hazır olan əsgər" yetişdirməsini, Tomas Tuxelin vəziyyətdən asılı olaraq taktiki elastikliyini ozündə birləşdirib. O, butun bunlara özünə məxsus enerjisini, entuziazmını və yumorunu əlavə edib. Klopp demək olar ki, ideal baş məşqçidir və bu mükafata tam olaraq layiq idi.
Sonda bir məqama diqqət yetirmək istəyirəm. Alman məşqçilər yavaş-yavaş futbol məşqçilik “taxt-tacı”nı italiyalı həmkarlarından alırlar. Yurgen Klopp, Tomas Tuxel, Yulian Naqelsman və hətta ən istedadlı italiyalı məşqçi sayılan, hazırda Moskva “Spartak”ına başçılıq edən Dominiko Todesko belə Almaniya məşqçilik məktəbinin yetirmələridir.
İlkin Abbasov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB