Tokio Olimpiadasında koronavirusa qarşı tədbirlərə təqribən 960 milyon dollar sərf olunacaq

Tokioda gələn il keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçılarına yaxın olan mənbənin bildirdiyinə görə, yarışların təşkili zamanı koronavirusa qarşı tədbirlərə təqribən 100 milyard yen (960 milyon dollar) vəsait sərf olunacağı gözlənilir.

SİA Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, təşkilatçıların qənaətinə görə Oyunların gələn ilə keçirilməsi əlavə olaraq təqribən 1,9 milyard dollara başa gələcək. Bu vəsaitin əsasən yarışların keçiriləcəyi obyektlərin icarəsi, muzdlu işçilərin cəlb olunması və digər məsrəflərə yönəldiləcəyi qeyd edilir.

Beləliklə, Oyunların təşkili üçün əlavə xərclərin təqribən 2,9 milyard dollar təşkil edəcəyi gözlənilir. Yarışların təşkilat komitəsi bu xərclərin necə bölünməsi barədə mərkəzi hökumət və Tokio administrasiyası ilə danışıqlar aparacaq.

Bildirilir ki, mərkəzi hökumətin aparıcı rol oynadığı şura Olimpiya və Paralimpiya Oyunları zamanı virusa qarşı hansı tədbirlərin görüləcəyi məsələsini gələn ay müzakirə edəcək.

Əlavə olaraq qeyd edək ki, ilkin olaraq Tokio Olimpiya və Paralimpiya Oyunlarının təşkilinin təqribən 13 milyard dollara başa gələcəyi planlaşdırılırdı. Bundan əlavə, Oyunlar üçün ehtiyat fond da yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...