\"Şəfa\" stadionunun yeni görünüşü belə olacaq-FOTOSESSİYA

\"Şəfa\" stadionunun yeni görünüşü belə olacaq-FOTOSESSİYA

\"Şəfa\" stadionu yeni görünüşdə istifadəyə verilmək üzrədir. Siasport.az saytı xəbər verir ki, bir müddətdir təmir və yenidənqurma işləri aparılan arenanın dizyanı \"Sanzaro\" şirkəti tərəfindən hazırlanıb.
Stadionu uzun müddətli icarəyə götürən \"İnter\"in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov bildirib ki, arenanın yenidən inşasının ümumi kompleksinə iki altı mərtəbəli binanın inşası və hər iki binanı birləşdirəcək qalereyanın tikintisi daxildir. İnşa edilən birinci binada 4 ulduzlu 50 nömrəlik otel yerləşəcək. Bundan başqa, binada VİP dərəcəli 3 sərnişin lifti və dama çıxışı olan 1 xidmətli lift, yeraltı avtodayanacaq olacaq.
İkinci binada isə müxtəlif şirkətlər üçün ofislər yerləşəcək. Həmin bina da 6 mərtəbəli olacaq, burada həmçinin kafe fəaliyyət göstərəcək. Hər iki binanın damında solyariya istifadəyə veriləcək. Birləşdirici qalereya 3 mərtəbədən ibarət olacaq. Birinci mərtəbədə mətbuat konfransları üçün zal, kafe, spa-salon və idman məhsulları satılan mağaza yerləşəcək.
İkinci mərtəbədə 80 nəfər üçün nəzərdə tutulmuş 2 restoran fəaliyyət göstərəcək. Restoranların birində müştərilərə Avropa, digər restoranda isə milli və dünya mətbəxindən yeməklər təklif ediləcək. Üçüncü mərtəbədə qış bağı, limonariya və musiqi salonu olan şəkil qalereyası yerləşəcək.
Artıq ümumi tikinti işləri və binanın şüşə örtüyülə üzləmə işi başa çatdırılıb, liftlər montaj olunub. Binanı su, istilik, elektrik enerjisilə təmin etmək qalır. Bundan başqa, bəzək işlərini, o cümlədən mətbəx və restoran avadanlığının quraşdırılmasını həyata keçirmək lazımdır. Yeni üzlüyə malik bina Heydər Əliyev prospektinin görünüşünü də yaxşılaşdıracaq.

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə