Yunanıstanda olan “Araz”ın qapıçısı koronavirusa yoluxaraq Afinada qalıb

Futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsi çərçivəsində Yunanıstanın AEK klubu ilə qarşılaşan Azərbaycan çempionu “Araz”ın bir oyunçusu koronavirusa yoluxub.

SİA xəbər verir ki, söhbət Naxçıvan təmsilçisinin qapıçısı Emin Kürdovdan gedir.

Komanda üzvləri Afinaya səfərdən öncə koronavirus testindən keçsə də, heç kimdə xəstəlik aşkarlanmayıb. Lakin oyundan öncə Yunanıstanda götürülmüş COVİD-19 testlərindən biri pozitiv çıxıb. Koronavirusa yoluxduğu üzə çıxan qolkiperin Azərbaycana qayıtmasına icazə verilməyib.

Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Mahmud Sadıqovun saytımıza verdiyi məlumata görə, müqavilə ilə “Ekol”a məxsus olan Emin Kürdov “Araz”da icarə əsasında çıxış edir. O, futzalçının azı 10 gün Afinada karantində qalacağını söyləyib.

Xatırladaq ki, əsas vaxtında 3:3 hesabı qeydə alınan AEK – “Araz” matçında meydan sahibləri penalti seriyasında qalib gələrək növbəti mərhələyə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə