Maradona öldü: futbol ulduzları nələr dedilər?

Dünən gecə ürək tutmasından vəfat edən, dahi futbolçu Dieqo Armando Maradona ilə bağlı əfsanəsi olduğu "Napoli"nin keçmiş futbolçuları öz xatirələrini bölüşüblər.

Cuzeppe Bruskolotti: "Bir dəfə mən ciddi zədə almışdım. Həkimlər dedilər ki, mənə yatmaq olmaz. Gecə ikinin yarısı mənim otağıma Maradona gəldi. O, dedi ki, səhərə kimi mənimlə, söhbət edəcək və yatmağa qoymayacaq".

Canfranko Zola: " Məni istedadlı, amma meydanı yaxşı görə bilməyən birisi hesab edirlər. Lakin Maradona ilə məşqlər nəticəsində mən bu keyfiyyətimi düzəldə bildim. "Piza" ilə oyunda Kareka oynaya bilməyəcəkdi. Onu mən əvəz etməli idim. Maradona mənə heç zaman imtina etmədiyi 10 nömrəni verdi, özü isə 9 geyindi. Dahi şəxsiyyət idi".

Andrea Karnevale: "Mən Rioya Karnavala uçdum, bilirdim ki, Dieqo ordadır. Onun qaldığı otelə getdim. Biz bir az söhbət etdik, o məni parada dəvət etdi. Lakin parada buraxılış almaq demək olar ki, mümkünsüz idi. Nəticədə Dieqo təşkilatçılara zəng etdi və dedi ki, əgər məni buraxmasalar, o, uçub gedəcək və paradda iştirak etməyəcək. Təbii ki, bundan sonra mən şənlikdə iştirak etdim".

Salvatore Banyi: "1990-cı ilin Milad bayramı idi, mən artıq 2 il idi ki, "Napoli"də çıxış etmirdim. Dieqo zəng etdi və bu bayramı mənim ailəmlə qeyd etmək istədiyini dedi. O, özü ilə 17 nəfər qohum-əqrabasını gətirmişdi. Dəlilikdir! Amma biz çox xoşbəxt idik".

Bruno Cordano: "Napoli"yə keçdikdən bir neçə ay sonra mən körpücük sümüyümü qırmışdım. Onda mən ailəmlə birgə oteldə qalırdım. Maradona məni və ailəmi öz evinə dəvət etdi və mən sağalana kimi orda qaldıq".

Fernando De Napoli: "O tez-tez gecə vaxtı bizim evə gələrdi. Köhnə və sadə maşında. Heç kim tanımasın deyə belə edirdi. Dərhal mətbəxə keçərdi və hamımız üçün spagetti bişirərdi".

İlkin Abbasov

Bütün xəbərlər Facebook səhifəmizdə