Tərlan Əhmədov: “"Neftçi”nin yeni baş məşqçisinin işi çempionatdakı gedişatdan asılı olacaq" MÜSAHİBƏ

Tərlan Əhmədov: “"Neftçi”nin yeni baş məşqçisinin işi çempionatdakı gedişatdan asılı olacaq" MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq kapitanı, veteran futbolçu və "Keşlə" futbol komandasının sabiq baş məşqçisi Tərlan Əhmədov SİA-ya müsahibə verib.

-Tərlan müəllim, istərdik bir qədər özünüz haqqında məlumat verəsiniz?

- Mən 1971-ci ilin noyabrın 17-də Əli Bayramlıda, indiki Şirvan şəhərində anadan olmuşam. 7 yaşından futbola başlamışam. Futbolu mənə ən çox sevdirən isə böyük qardaşım olub. Açığı desəm, o, məndən də istedadlı idi. Amma onun sağlamlığında yaranan bəzi problemlər peşəkar futbola getməsinin qarşısını aldı. Sanki bu yolda Allah yolumu açdı. O dövrdən Əli Bayramlıda yəni indiki Şirvan şəhərində bir müddət oynadım. 1985-ci ildə 14 yaşında Bakı şəhəri İdman təmayüllü internat məktəbinə imtahan verərək qəbul olundum. Bununla da futbol həyatım başladı. 1986-cı ildə 15 yaşında olarkən SSRİ yığmasına düşdüm. Sonradan bir müddət fasilə yarandı. 1989-cu ildə isə "Neftçi" futbol komandasında əsas heyətdə oynayanda yenidən SSRİ yığmasında 19 yaşlılar arasında oynamağa çağırdılar və Macarıstanda Avropa çempionuna layiq görüldüm.

Ümumiyyətlə hər bir insan istəyər ki, səsi daha uca zirvələrdən gəlsin. Mən Azərbaycanda oynadığım dövrdə Azərbaycan çempionu olmasam da amma 2-3-cü yerlər üzrə Azərbaycan kubokuna sahib olmuşam. Hər halda Allah-təala mənə Avropa çempionluğunu bəxş edibsə, bəlkə də Azərbaycan çempionu olmağı ona görə mənə nəsib etməyib. "Neftçi"də məşqçi kimi işlədiyim dövrdə isə artıq çempionluq oldu. O zaman mən rəhmətlik Böyükağa Hacıyevin köməkçisi idim. Həmin vaxt həm Azərbaycan kubokunun sahibi olduq, həm də çempion olduq. Ən əsası odur ki, 110 illik futbol tarixində biz ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazandıq. Zirvənin fəth olunmasının başlanğıcı artıq oradan başladı. Peşəkar idmançıların məqsədi ancaq yüksək zirvələr, nailiyyətlər əldə etməkdir. Mən də qarşıma məqsəd qoymuşam ki, məşqçi kimi bacardığım qədər nə qədər yüksək nailiyyətlər varsa onlara nail olum.

- Bu gün 17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür və nə xoş təsadüf ki, həmin tarixdə sizin də nə az, nə çox düz 49 yaşınız tamam olur. İstərdik bu sevinc hisslərinizi bizimlə bölüşəsiniz.

- Milli Dirçəliş günü 17 noyabr 1992-ci ildə elan olunub. Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Biz həmin bu tarixdə millət olaraq milli birliyimizi göstərmişik. O dövrdən bu yana biz tarixi günü çox təmtəraqlı və sevinc hissi ilə qarşılayırıq. Bu gün həmçinin mənim üçün sevindirici haldır ki, 8 noyabrda Şuşamız işğaldan azad olundu. Noyabrın 10-da isə Azərbaycanın Vətən müharibəsində qələbə çalaraq öz Zəfərini qeyd etməsi mənim üçün on qat bayramdır. Başda Ali Baş Komandan, Yenilməz sərkərdə, cənab Prezident İlham Əliyev olmaqla, Müzəffər, rəşadətli və yenilməz Ordumuza dərin təşəkkürümü bildirirəm. Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Onların analarının, həyat yoldaşlarının, bacılarının, balalarının əllərindən öpürük və qarşılarında baş əyirik. Çünki bu sevinci bizə yaşadan onlar olub.

-Azərbaycan futbolunun, xüsusilə "Neftçi" PFK-nın bugünkü uğurlarını necə şərh edərdiniz. Ən başlıcası futbolumuzun gələcəyini necə görürsünüz?

-1992-ci ildə Azərbaycan futbolu müstəqillik dövrünə qədəm qoyub. O dövrdən bizim özümüzün milli çempionatımız başlayıb. Klub sayları həddindən artıq çox olub. Son illər isə biz artıq 8 klubla kifayətlənmişik. Təbii ki, 8 klubla istər-istəməz böyük uğur qazanmaq çətindir. "Qarabağ" futbol klubu artıq 7 ildir ki, həm çempionlar liqasında bir neçə sezon olub. "Qəbələ" futbol klubu isə 2 sezon qrup mərhələsində olub. İstər-istəməz klublarda bunları əcnəbi futbolçuların say-hesabı ilə həyata keçirmək olur. Amma milli yığma komanda elədir ki, burada əsasən yerli futbolçuların ən yaxşıları seçilməlidir. Bizdə də klub sayı həddindən artıq azdır. Tək "Neftçi", "Qarabağ" və yaxud da "Qəbələ" ilə iş düzəlmir. Klub sayı çox olanda seçim də çox olur. Amma bu gün bizim seçimimiz azdır. Komandalarımızın yüksək nəticələrə nail olması üçün futbolçu potensialı və texniki maddi baza da azdır. Hələ bizim futbol o problemli dövrünü yaşayır.

- Tərlan müəllim, "Neftçi"nin yeni baş məşqçisindən gözləntilər nələrdir?

- "Neftçi"nin yeni baş məşqçisi Samir Abasovun gördüyü işlə bağlı hələ nəsə demək çətindir. Hər halda o, "Sumqayıt" və "Zirə" futbol klubunda da çalışıb. Əgər o həmin yerə təyin olubsa, deməli rəhbərlik burada nəyəsə ümid edir ki, onu təyinatı həyata keçirilib. Hələki o çempionat oyununu başlamayıb. Ümumiyyətlə məşqçinin işi bir oyundan deyil, ümumi nəticədən asılıdır. Hər halda "Neftçi" futbol klubunda işləmək çox böyük məsuliyyətdir və ağır yükdür. Mətbuat, rəhbərlik, ictimaiyyət və fanat tərəfindən hər zaman təzyiqlərlə üzləşə bilərsən. Çünki bu xalqın komandasıdır və bu komandaya xalqın məhəbbəti həddindən artıq böyükdür. Orada işləmək çox böyük səbr, iradə və təmkin tələb edir. Düşünürəm ki, Samirin işi çempionatdakı gedişatdan asılı olacaq.

- UEFA Çempionlar Liqasında Azərbaycan klublarının göstəriciləri sizi qanə edirmi?

- Hələki bu uğuru həyata keçirən təkcə "Qarabağ" futbol klubudur. Hər halda bu da qənaətbəxşdir. Yəni bugünkü 8 komandalıq rəqabəti az olan çempionatdan orada oynamaq istər-istəməz "Qarabağ" üçün də çətindir. Biz artıq çempionatı analiz edirik. "Qarabağ" avqust ayından etibarən qrup mərhələsini fikirləşirdi və ona görə də play-off oyunlarına daha çox diqqət ayırmışdı. Qrup mərhələsinə atlayandan sonra isə bütün fikirlər ora yönəldi və çempionatı demək olar ki, yaddan çıxarmışdı. Mən bütün çıxışlarımda birmənalı olaraq demişəm ki, "Qarabağ"ın potensialı və ehtiyat qüvvəsi də böyükdür.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə