“Bahar Kuboku”nda Azərbaycan idmançısı qalib oldu-FOTOSESSİYA

“Bahar Kuboku”nda Azərbaycan idmançısı qalib oldu-FOTOSESSİYA

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakıda, Novxanı qəsəbəsində yerləşən Sərhədçi Atçılıq Mərkəzinin açıq manejində atçılığın konkur növü üzrə SCİ3*-W kateqoriyalı beynəlxalq turnir başa şatıb. Siasport.az saytı xəbər verir ki, "Bahar Kuboku" adlı turnirdə Azərbaycan, Gürcüstan və Polşa idmançıları mübarizə aparırdılar. Yarışlarda ümumilikdə 8 idmançı və 19 baş at iştirak edirdi. Ölkəmizi bu tədbirdə "Sərhədçi AİK" və"Günay AİK"-in nümayəndələri ilə yanaşı, milli komandamızın üzvləri Camal Rəhimov və Patrik Mak Entee də təmsil edirdilər. Üç gün davam edən turnirin son mərhələsi bu gün keçirilib. Final mərhələsini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev və gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov da izləyib. Yarışın yekunlarına əsasən, Azərbaycan idmançıları Gennadiy Gaşibəyazov və Camal Rəhimov ən yaxşı nəticələr göstəriblər.

Turnirin ilk beşliyini nəzərinizə çatdırırıq:

  1. Gennadiy Gaşibəyazov (Azərbaycan) "Papirus" ləqəbli atla - 71.90 san., 0 cərimə xalı
  2. Camal Rəhimov (Azərbaycan) "Platin" ləqəbli atla – 84,53 san., 1 cərimə xalı
  3. Camal Rəhimov (Azərbaycan) "Bill Klinton" ləqəbli atla –76,72 san., 4 cərimə xalı
  4. Aleksandra Lusina (Polşa) "Chiara" ləqəbli atla –78,42 san, 4 cərimə xalı
  5. Patrik MC Entee (Azərbaycan) "Concorde 57" ləqəbli atla, 79,04 san., 4 cərimə xalı

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. İdmançılara medalları və kuboku gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov təqdim edib.

Xatırladaq ki, turnirin ümumi mükafat fondu 156 000 dollardır. Yarışları Türkiyə, İran və Yunanıstandan dəvət olunmuş hakimlər kollegiyası idarə edib. Yarışların nəticələrinə uyğun olaraq idmançıların topladığı xallar onların 2012-ci il London Olimpiya Oyunlarına və həmçinin Dünya Kubokuna vəsiqə əldə etməyinə böyük təsir göstərəcək.

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə