"Bavariya" Çempionlar Liqasının 2019-2020-ci illər mövsümünün qalibidir

"Bavariya" Çempionlar Liqasının 2019-2020-ci illər mövsümünün qalibidir

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) final matçı keçirilib.

SİA xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabonda baş tutan görüşdə Fransanın PSJ komandası ilə Almaniya "Bavariya"sı üz-üzə gəlib.

İtaliyalı Daniele Orsatonun idarəyə etdiyi matç "Estadio da Luş" stadionunda keçirilib.

Bu oyun komandaların avrokuboklarda 9-cu dueli idi. PSJ və "Bavariya" indiyədək Çempionlar Liqasının qrupunda 8 dəfə üz-üzə gəlmişdilər. Bunların 5-də Paris təmsilçisi, 3-də isə münhenlilər qələbə qazanmışdı.

PSJ tarixində ilk dəfə qitənin bir nömrəli klub turnirinin baş mükafatına yiyələnmək niyyətindəydi. Paytaxt klubu Fransa çempionatının son 8 mövsümündə 7 dəfə qalib olsa da, ilk dəfə ÇL-də finala yüksəlmişdi. Fransa komandası turnirin qalibi olacağı təqdirdə, kuboku qazanan 23-cü komanda kimi tarixə düşəcəkdi.

Lakin "Bavariya" PSJ-nin bu istəyini reallaşdırmasına imkan verməyib. Minimal hesabla üstün olan Münhen təmsilçisi turnirin qalibi olub. Daha öncə 5 dəfə Çempionlar Liqasının qalibi olmuş "Bavariya" isə son olaraq 2013-cü ildə bu titulu əldə etmişdi. Münhen klubu 6-cı dəfə də istəyini gerçəkləşdirməklə İngiltərə "Liverpul"u ilə birlikdə ÇL-i ən çox qazanan üçüncü komanda olub.

UEFA Çempionlar Liqası

Final

23 avqust

PSJ (Fransa) - “Bavariya” (Almaniya) 0:1
Qol: Koman, 59.

Lissabon. "Estadio da Luş" stadionu.

Bütün xəbərlər Facebook səhifəmizdə