İşçi Qrupdan Premyer Liqa ilə bağlı təklif

İşçi Qrupdan Premyer Liqa ilə bağlı təklif

Ölkədaxili futbol yarışlarının keçirilməsi və milli komandaların təlim-məşq toplanışları üçün təqvim planının hazırlanması məqsədilə yaradılan İşçi Qrup Premyer Liqa ilə bağlı təklifini təqdim edib.

SİA-nın məlumatına görə, İşçi Qrupun üzvləri aparılan müzakirələrdən və Premyer Liqada çıxış edən klubların rəyi öyrənildikdən sonra Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün başlanması üçün tarix müəyyənləşdirilib.

Qurum yarışın bu il avqustun 21-də start verilməsi ilə bağlı təklifi AFFA-ya təqdim edib. İşçi Qrupun təklifi AFFA tərəfindən Peşəkar Futbol Liqasına təqdim olunub.

PFL tərəfindən çempionatın başlanma tarixi ilə qərar qəbul olunmazdan əvvəl COVİD-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq AFFA tərəfindən müvafiq strukturlara müraciət olunub.

Qeyd edək ki, İşçi Qrupuna AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov, AFFA-nın Texniki direktorunun səlahiyyətlərini icra edən Cahangir Həsənzadə, AFFA-nın baş həkimi Vyaçeslav Xomenko və PFL-in Texniki İdman şöbəsinin müdiri Elgiz Abbasov daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə