Avrokuboklarda Azərbaycanı təmsil edəcək klubların hazırlıq məkanları bəlli olub

Avrokubokların 2020/21 mövsümündə Azərbaycanı təmsil edəcək klubların hazırlıq planları bəlli olub.

SİA xəbər verir ki, koronavirus pandemiyası üzündən ölkədən kənara çıxa bilməyən klublar təlim-məşq toplanışını bölgələrdə gerçəkləşdirəcək.

Bu, Gənclər və İdman Nazirliyi sərt karantin rejiminin tətbiq edilmədiyi bölgələrdəki Olimpiya İdman Komplekslərində məşq üçün şərait yaratması sayəsində mümkün olacaq. Artıq avrokuboklarda ölkəmizi təmsil edəcək 4 klubun hər biri bölgələrlə bağlı seçimini də edib.

Çempionlar Liqasında oynayacaq “Qarabağ”, həmçinin Avropa Liqasında mübarizə aparacaq “Neftçi” və “Sumqayıt” Qəbələdə hazırlıq keçməyə qərar verib. Üç komandanın bir məkanda olması onların həm öz aralarında, həm də doğma məkanda olan “Qəbələ” ilə yoxlama oyunları keçirmək imkanı da yaradacaq.

“Keşlə” isə fərqli seçim edib. Qəbələyə yollanmaq barədə də düşünən paytaxt təmsilçisi sonda Şamaxı Olimpiya İdman Kompleksinə üstünlük verib. Lakin bakılıların da yoxlama oyunu problemi yaranmamalıdır. Onlar o qədər də uzaq məsafədə olmayan Qəbələdə hazırlıq keçən klublarla qüvvəsini sınaya biləcək.

Qeyd edək ki, avrokubokların püşkatması avqustun 9-10-da, ilk oyunları ayın ikinci yarısında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...