"Keşlə” Cavid İmamverdiyevlə müqavilə imzalayıb

"Keşlə” Cavid İmamverdiyev ilə müqavilə imzalayıb.

SİA xəbər verir ki, bu barədə klubun feysbuk səhifısində məlumat verilib.

Karyerası ərzində ölkəmizdə “Karvan”, “Neftçi”, və “Sumqayıt”da oynamış yarımmüdafiəçi, Türkiyədə “Elazığspor” komandasının da şərəfini qoruyub. Onun son klubu “Sabah” olub.

Cavid İmamverdiyev "Keşlə"yə keçidi ilə bağlı bunları deyib:

"Son matçlarda "Sabah"da oynamırdım. Baş məşqçinin sisteminə uyğun deyildim. Bunu nəzərə alıb komandamı dəyişdim".

İmamverdiyev "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədovla "Neftçi"də də işlədiklərini xatırladıb: "Onunla birlikdə çalışmışıq. Tanıdığım, bildiyim və dəyər verdiyim məşqçilərdən biridir. Klubun Müşahidə Şurasının sədri Zaur Axundovu da çoxdan tanıyıram. Bu komandaya keçdiyim üçün şad oldum. İnanıram ki, ümidləri doğruldacağam".

Yarımmüdafiəçi "Keşlə"nin Avropa Liqasında çıxış etməsinin də transferinə təsir göstərdiyini etiraf edib: "Bu amilin də böyük rolu oldu. Komandanın avrokuboklara vəsiqə qazanması yaxşı göstəricidir. Mən də bu turnirdə "Keşlə"yə kömək etməyə çalışacağam".

İmamverdiyev "Keşlə"nin növbəti mövsümdə də medallar uğrunda mübarizə aparacağını vurğulayıb: "Komandanın bu il məqsədi nə idisə, növbəti ildə də elə olacaq. "Keşlə" sübut etdi ki, ilk 3 pillə üçün oynaya bilər".

Qeyd edək ki, Cavid İmamverdiyev Azərbaycan milli komandasının heyətində 11 oyun keçirib və 1 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə