Azərbaycan Premyer Liqasının əsasnaməsindəki dəyişikliklər - SİYAHI

2019/2020 mövsü üçün Azərbaycan Premyer Liqası və ölkə kubokunun Əsasnaməsinin 9-cu bəndində dəyişikliklər olub. SİA-nın məlumatına görə, bu barədə qərar Peşəkar Futbol Liqasının açıqladığı təlimatlarda əksini tapıb.

Dəyişikliyə əsasən, iyun-iyulda ölkədə müşahidə olunan ənənəvi hava şəraitini nəzərə alaraq oyun meydançası 3 dəfə sulanacaq. Oyundan 1 saat əvvəl (5 dəqiqədən az olmayaraq), oyundan 10 dəqiqə əvvəl (3 dəqiqədən az olmayaraq), fasilədə (3 dəqiqədən az olmayaraq). Əvəzetmə sayı 5-ə qaldırıldığı üçün 5 nəfər ehtiyat oyunçuya eyni anda qapı xətti arxasında məşq etməyə icazə verilir.

Oyunlara azarkeş buraxılmadığı üçün azarkeşlər üçün tələb olunan həkimin dəvət olunması müvəqqəti dayandırılır. Vəziyyət nəzərə alınaraq, topdaşıyanların və xərəkdaşıyanların sayında dəyişiklik edilir. Xərəkdaşıyanların sayı müvəqqəti olaraq 4, topdaşıyanların sayı 4 nəfər müəyyən olunur. Bu qrup stüardlardan da ibarət ola bilər. Bir şərtlə ki, şəxslər əvvəlcədən meydan sahibi klub və nümayəndə tərəfindən təlimatlandırılmalıdır.

Topdaşıyan və xərəkdaşıyan şəxslər tibbi maskada olmalıdırlar. Onların yaşı 18-dən az olmamalı və stadiona gələn zaman hərarətləri ölçülməli, yerli komandanın həkimi ilə fərdi söhbətə cəlb olunmalıdırlar. Klublara tövsiyə edilir ki, bütün ev oyunlarına eyni şəxslər cəlb olunsun.

Hava şəraiti nəzərə alınaraq futbolçulara hər hissədə iki dəfə 1 dəqiqədən artıq olmayaraq su fasiləsi veriləcək.

Oyun təşkilinə cavabdeh olan şəxslərin təyinatı üzrə siyahısında hər hansı dəyişiklik yoxdur.

Oyunlar zamanı təhlükəsizliyi təmin edən polis əməkdaşlarının sayı 25 nəfərdən az olmamalıdır. Onların stadion üzrə paylanmasında AFFA nümayəndəsi yaxından iştirak etməlidir.

Burada qeyd olunmayan, amma meydana çıxa biləcək problemlərlə bağlı qərar AFFA nümayəndəsi və Peşəkar Futbol Liqasının Yarışların Təşkili Departamenti ilə aparılacaq müzakirələrdən sonra veriləcək.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə