La Liqa matçlarında azarkeşlərin səsindən istifadə olunacaq

İspaniya La Liqası matçlarının yayımı zamanı azarkeş səslərindən istifadə ediləcək.

SİA xəbər verir ki, bu barədə "Mediapro" şirkətinin rəhbəri Xaume Roures məlumat verib.

O bildirib ki, La Liqa rəhbərliyi ilə oyunların yayım hüququna malik şirkət arasındakı razılığa əsasən, ekran qarşısında əyləşən tamaşaçıların matçın boş tribunalar önündə keçirildiyini hiss etməmələri üçün azarkeşlərin əvvəlki görüşlərdən səs-küyü və qışqırıqlarından istifadə ediləcək: "Cari mövsümün əvvəlki oyunlardakı azarkeşlərin səslərindən yararlanacaq, boşluğu doldurmağa çalışacağıq".

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən iki aydan çoxdur dayandırılan İspaniya La Liqasının iyunun ortalarında bərpası planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə