İtaliyada futbol mövsümü ilə bağlı söz-söhbət səngimək bilmir. SİA-nın məlumatına görə, A seriyasının bərpası iyunun 2-ci həftəsində gözlənilirdi.

Amma baş nazirin qərarından sonra yarışın ən yaxşı halda iyunun 15-dən sonra davam etdiriləcəyi dəqiqləşdi. İndi isə turnirin formatında mümkün dəyişikliyin müzakirəsi başlanıb.

İtaliya futbol federasiyası mövsümün taleyi ilə əlaqədar yeni bəyanat verib. Əgər bərpa olunan yarışları yenidən yarımçıq dayandırmaq zərurəti yaransa, turnirlərin formatı dəyişdiriləcək. Federasiya və A seriyası rəhbərliyi arasında bununla bağlı razılıq əldə olunub. Yuxarı pillələrdə qərarlaşan komandalar pley-ofda çempionatın qalibini müəyyənləşdirəcək. Aşağı sıralarda olan klublar isə A seriyasında öz yerlərini qorumaq uğrunda ayrıca mübarizə aparacaqlar. Əgər vəziyyət mürəkkəbləşsə və görüşləri keçirmək mümkün olmasa, komandaların mövqeyi xüsusi əmsallara əsasən aşkarlanacaq. Bundan başqa A seriyasında indiki mövsümün avqustun 20-nə kimi tamamlanmalı olduğu bildirilib. 2020/2021-ci illər çempionatı isə sentyabrın 1-də başlanmalıdır.

Xatırladaq ki, baş nazir Cüzeppe Kontenin imzaladığı sənədə əsasən İtaliyada iyunun 14-nə kimi idman tədbirləri keçirmək olmaz. Maraqlıdır ki, bu qərar qüvvəyə minənə qədər A seriyasında çıxış edən komandaların əksəriyyəti mövsümün iyunun 13-də bərpa olunmasını dəstəkləmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...