DSMF-də mini-futbol və şahmat turnirləri başlayıb

DSMF-də mini-futbol və şahmat turnirləri başlayıb

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Fondun strukturlarının komandaları arasında mini-futbol və şahmat turnirləri start götürüb.

 

Fondun İctimaiyyətlə əlaqələr sektorundan SİA-ya verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə cıxış edən DSMF sədri Səlim Müslümov ulu öndər Heydər Əliyevin xalqımız üçün əvəzolunmaz xidmətlərindən danışaraq bildirib ki, ümummilli liderin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir: "Bu gün respublikamızın həyatının bütün sahələrində ümummilli liderimizin müəyyənləşdirdiyi prinsiplər uğurla reallaşdırılmaqdadır. Ulu öndər Heydər Əliyev idman sahəsinə də xüsusi diqqət göstərib. Bu diqqət və qayğının sayəsində Azərbaycanda idmanın inkişafı və kütləviləşməsi üçün də mükəmməl baza formalaşıb, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər əldə etmək, dünya şöhrətli idmançılar hazırlamaq üçün mükəmməl zəmin yaranıb. Bu gün Azərbaycanda idmanın qısa müddətdə belə surətli inkişafı cənab Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyi sayəsində reallığa çevrilib".

 

S. Müslümov bildirib ki, DSMF-də artıq neçə illərdir ümummilli liderin doğum günü ərəfəsində müxtəlif kütləvi tədbirlər həyata keçirilir. Bunlardan biri də mini-futbol turniridir: "Belə idman turnirləri gənclərin sağlam həyat tərzinə daim sadiq qalmalarında rol oynayır".

 

Qeyd edək ki, mini-futbol və şahmat turnirlərinin qalibləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ərəfəsində müəyyənləşəcək, qalib komandalara kubok və medallar təqdim ediləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə